“Diego Rivera: Daha yaxşı gələcəyin vədi” adlı sərginin açılışı olub

Azərbaycan Milli İncəsənət Muzeyində Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi” sərgisinin açılış mərasimi baş tutub.
Sərgi Meksikanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Anauakali Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Dünyaca məşhur meksikalı rəssam Dieqo Riveraya (1886–1957) həsr olunmuş sərgi Anauakali Muzeyini beynəlxalq miqyasda təqdim etdiyi ilk layihədir. Burada Dieqo Riveranın bədii irsini əhatə edən təxminən 100-ə yaxın fotoqrafik reproduksiya — divar rəsmləri, rəsm və eskizlər, eləcə də arxiv fotoşəkilləri və sənədlər nümayiş etdirilir. Bu materiallar tamaşaçılara XX əsrin ən böyük sənətkarlarından birinin unikal yaradıcılığı ilə yaxından tanış olmaq imkanı verir.

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov və Meksikanın Dieqo Rivera Anauakali Muzeyinin direktoru Teresa Moya çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. Onlar Dieqo Rivera yaradıcılığının bəşəri dəyərləri əks etdirdiyini və Meksikanın mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıblar. Çıxışlarda sərginin Azərbaycan və Meksika arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyi bildirilib və təşkilatçılara minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, sərginin ekspozisiyası beş əsas tematik bölmədən ibarətdir. Bu bölmələr rəssamın Meksikanın sosial transformasiyasındakı əsas rolunu müəyyən edir. Burada rəssamın incəsənət haqqında düşüncələri, muralist hərəkatındakı mövqeyi, rəssamlıq və memarlığın sintezi və inqilabdan sonrakı Meksikada incəsənətinin ictimai rolu izlənilir, Riveranın Meksika inqilabına, ictimai təhsilə və incəsənətin vətəndaş cəmiyyəti üçün vasitə kimi roluna dair dərin marağını əks etdirir. Ziyarətçilər Riveranın Meksika divar sənətinin aparıcı fiquru kimi necə formalaşdığını, incəsənəti təkcə estetik deyil, həm də təhsil və ictimai şüurun formalaşdırılması vasitəsi kimi dəyərləndirdiyini əyani şəkildə müşahidə edə biləcəklər.

Bundan əlavə, Meksika şəhərindəki Milli Saray və Kuernavakadakı Kortes sarayında çəkilmiş divar rəsmlərinin reproduksiyaları Riveranın tarixi sosial mübarizə kimi təqdim etmə bacarığını və bu əsərlərdə yerli mədəniyyətə verdiyi önəmi əks etdirir.

Sərginin mərkəzi bölməsi Riveranın şəxsi təşəbbüsü ilə yaradılmış Anauakali Muzeyinə həsr olunub. Mexiko şəhərində yerləşən bu unikal məkan Rivera tərəfindən layihələndirilmişdir. Vulkanik daşlardan inşa edilmiş muzey qədim yerli irs, müasirlik və gələcək arasında körpü yaratmaq məqsədi daşıyırdı. Sərgidə təqdim olunan memarlıq planları, eskizlər və fotoşəkillər Riveranın mədəni kökləri qoruyaraq gələcək nəsillərə ilham vermək ideyasını dolğun şəkildə göstərir.

Sərgi 30 dekabr 2025-ci ilədək ziyarətçilər üçün açıq olacaq.
Reportyor.az

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 11:26