AİB-nın böhranlarla mübarizə və dayanıqlığın artırılması ilə bağlı əməliyyatları 2022-ci ildə 20.5 milyard dollara çatıb
2022-ci ildə Asiya İnkişaf Bankı (AİB) yeni iqtisadi çətinliklərə və böhranlara baxmayaraq, Asiya-Sakit Okean regionunun COVID-19 pandemiyasından bərpasına davam etməsinə kömək məqsədilə öz resurslarından 20,5 milyard dollar ayırıb.
Maliyyə və əməliyyat nəticələri bu gün AİB-in 2022-ci il üzrə İllik Hesabatında dərc olunub. Hesabatda bankın regiona Rusiyanın Ukraynaya təcavüzü nəticəsində daha da kəskinləşən iqtisadi sarsıntıların, artan ərzaq böhranı və ekstremal hava şəraitinin öhdəsindən gəlməyə kömək etmək üçün maliyyə və biliyi necə birləşdirdiyi və tərəfdaşlıqlardan necə istifadə etdiyi ümumiləşdirilir.
“2022-ci ildəki dəstəyimiz inkişaf etməkdə olan üzv ölkələrimizə iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi kimi kritik sahələrdə onların uzunmüddətli davamlılığını gücləndirməklə yanaşı, bu böhranların dərhal təsirlərini idarə etməyə kömək edib” AİB-nin prezidenti Masatsuqu Asakava bildirib.Hökümətlərə və özəl sektora göstərilən 20,5 milyard dollarında maliyyə dəstəyi kreditlər və zəmanətlər, qrantlar, kapital investisiyaları, habelə texniki yardımdan ibarət olub. AİB birgə maliyyələşdirmə üçün əlavə 11,4 milyard dollar səfərbər edib.
AİB 2022-ci ildə iqlim dəyişikliklərinin yaratdığı fəsadların azaldılması və onlara adaptasiya üçün 6,7 milyard dollar maliyyə ayırıb. Bank 2019-2030-cu illər ərzində 100 milyard ABŞ dolları məbləğində məcmu iqlim maliyyələşdirməsi təmin etmək məqsədinə doğru irəliləyiş əldə edib.
Regionda kəskinləşən ərzaq böhranını aradan qaldırmaq üçün 14 milyard dollarlıq ərzaq təhlükəsizliyi proqramı çərçivəsində AİB 3,7 milyard dollar vəsait ayıraraq ən çox ehtiyacı olan insanlara lazımi ərzaq yardımı göstərib və ərzaq istehsalı sistemlərini gücləndirib.
AİB iqtisadiyyatın bərpasını dəstəkləmək məqsədi ilə institusional islahatları maliyyələşdirib, dövlət xidmətlərinin göstərilməsini təkmilləşdirib və iqtisadiyyatın aparıcı sahələrində artımı təmin edib. AİB-nin özəl sektora 3,9 milyard dollarlıq dəstəyinə çətin biznes mühitində fəaliyyət göstərən müəssisələr üçün mühüm likvidliyin təmin olunması da daxidir.
Eyni zamanda, bank keyfiyyətli infrastruktura, o cümlədən təhsil, səhiyyə və digər sosial sektorlara irimiqyaslı investisiyalar ayırıb ki, bu da bütövlükdə iqtisadiyyatın dayanıqlığının artırılmasına töhfə verib.
Gender bərabərliyinin təşviqi AİB-nin həyata keçirdiyi işlərdə əsas yer tutur və bankın 2022-ci ildəki əməliyyatlarının 97%-i bu gündəliyin yerinə yetirilməsinə öz töhfəsini verib. Bu əməliyyatlara qadınların keyfiyyətli işlərə çıxışını yaxşılaşdırmaq, qadınların sahibkarlıq fəaliyyətini təşviq etmək və qadınların iqlim dəyişikliyinə davamlılığını artırmaq təşəbbüsləri daxildir.
2022-ci il üzrə İllik Hesabat inkişaf etməkdə olan üzv ölkələrə dəyişən və mürəkkəb ehtiyacların daha yaxşı qarşılamaq üçün AİB-nin necə inkişaf etdiyini təfərrüatlı şəkildə təqdim edir. Bura bankın kapital adekvatlığı çərçivəsinin davamlı olaraq nəzərdən keçirilməsi yolu ilə regionun inkişafına dəstək üçün əlavə resurslara çıxışın əldə edilməsi üzrə tədbirlər, eləcə də yeni əməliyyat modeli əsasında struktur və qeyri-struktur təşkilati islahatlar daxildir.
“Mən əminəm ki, bu islahatlar AİB-nin həm də iqlimin maliyyələşdirilməsini genişləndirməklə, daha çox özəl sektor investisiyalarını səfərbər etməklə və müştərilərin ehtiyaclarına cavab olaraq daha geniş spektrli inkişaf həlləri təqdim etməklə, regionda daha böyük təsir göstərməsini təmin edəcəkdir” cənab Asakava bildirib.
AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb. Bankın 49 regiondan olan 68 üzvü onun səhmdarlarıdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-04-2023, 12:07