mobil versiya

Azərbaycan Respublikasının qanunvericiliyində gəlirlərin bəyan edilməsi



Azərbaycan Respublikasında gəlir bəyannaməsinin tətbiqi “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Qanunla nəzərdə tutulmuşdur. Bu Qanun vəzifəli şəxslər tərəfindən bəyan edilməli olan məlumatların dairəsini və bəyannamənin təqdim olunması ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin ümumi əsaslarını müəyyən edir. Qanunun “Maliyyə xarakterli tələblər” adlanan 5-ci maddəsi bəyan edilməli olan məlumatların dairəsini aşağıdakı kimi müəyyən edir:

1) mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;
2) vergitutma obyekti olan əmlakı barədə;
3) kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;
4) şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;
5) beş min beş yüz manatdan yuxarı olan borcu barədə;
6) min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.

Göstərilən məlumatlar həmin qanunun 2-ci maddəsinə əsasən vəzifəli hesab olunan şəxslər və müvafiq vəzifələri tutmaq iddiasında olan şəxslər tərəfindən təqdim edilməlidir. Qanunun 6-cı maddəsi vəzifəli şəxslərin və ya vəzifə tutmaq istəyən şəxslərin göstərilən tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlməsini, həmin tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydalarının qanunvericiliklə müəyyən edilməsini, göstərilən məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunmasının intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilməsini, həmin tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc edilə bilməsini nəzərdə tutur.

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilmə forması, maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslərin dairəsi, bu məlumatları qəbul edən orqanlar və həmin məlumatların yoxlanılması qaydaları 24 iyun 2005-ci il tarixli qanunla təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları" ilə müəyyən olunur. Bu qanunun əsas müddəalarını aşağıdakı kimi ifadə etmək olar:

1) Bəyannamə təqdim etməli olan vəzifəli şəxslərin dairəsi nisbətən konkretləşdirilir. Prezidentdən tutmuş demək olar ki, bütün yüksək ranqlı vəzıfəli şəxslər, Milli Məclisin və Naxçıvan Ali Məclisinin deputatları, hakimlər, bələdiyyə üzvləri, dövlət və bələdiyyə qulluqçularının bəyannamə təqdim etməsi vəzifəsi müəyyən olunur.

2) Bəyannamənin təqdim olunduğu qurumların dairəsi müəyyən olunur. Buraya Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Milli Məclis və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən müəyyən edilmiş qurumlar, müvafiq icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi) və yerli özünüidarə orqanları, vəzifəli şəxslərin qulluq etdikləri dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilmiş maliyyə (mühasibat) qurumları daxildir.

3) Gəlir bəyannaməsinin təqdim edilmə formasına və müddətlərinə , habelə məzmununa dair bir sıra tələblər müəyyən edilir. Qeyd olunur ki, vəzifəli şəxslər tərəfindən bəyannamə hər il yanvarın 1-dən 30-dək (və ya öz vəzifələrinin icrasına başladıqları gündən 30 gün ərzində) yazılı formada təqdim edilir. Bəyannaməyə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanununun 5.1-ci maddəsində göstərilən məlumatlarla yanaşı, vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar da daxil edilməlidir.

4) Maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarət və həmin məlumatların yoxlanılması mexanizminə dair bəzi tələblər nəzərdə tutulur. Qeyd olunur ki, maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həmin məlumatları qəbul edən orqanlar həyata keçirir. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannaməni qəbul edərkən onun düzgün tərtib edilib-edilməməsini müəyyən edir. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannamədə göstərilən məlumatlar üzrə ilkin araşdırma apara bilər. İlkin araşdırma zamanı bəyannamədə göstərilən məlumatların həqiqiliyi və tamlığı, sonuncu dəfə təqdim edilmiş bəyannamə ilə əvvəllər təqdim edilmiş bəyannamələrdə göstərilən maliyyə xarakterli məlumatlar arasında fərqlər müəyyən edilir. İlkin araşdırma zamanı qanun pozuntuları müəyyən etdikdə materialları tədbir görülməsi üçün müvafiq dövlət orqanına göndərir.

5) Gəlir bəyannamələrində təqdim edilən maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunur və onların açıqlanmasına yol verilmir. Məlumatları qəbul edən orqanlar həmin məlumatların konfidensiallığının qorunmasını təmin etməlidirlər. Göstərilən məlumatlar həmin orqanlardan Komissiya tərəfindən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı Azərbaycan Respublikası Baş prokurorunun və ya məhkəmələrin əsaslandırılmış qərarları ilə tələb edilə bilər.

Qanunun 14-cü maddəsinə əsasən gəlir bəyannaməsinin forması təsdiq edildikdən sonra vəzifəli şəxslər dörd ay müddətində bəyannaməni təqdim etməlidirlər. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 9 avqust 2005-ci il tarixli Fərmanı ilə bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etmək Nazirlər Kabinetinə tapşırılmışdır. Nazirlər Kabineti hələ də bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etməyib. Buna görə də bu qanun şərti olaraq “ölü qanunlar” adlanan kateqoriyaya aid edilə bilər.

Bütövlükdə təxminən 20 il bundan əvvəl qəbul edilmiş bu Qanun gəlir bəyannamələrinə dair müasir tələblərə və standartlara tam cavab vermir. Belə ki:

1. Bəyannamə təqdim etməli olan vəzifəli şəxslərin qanunda göstərilən dairəsi publik vəzifə tutan şəxslərin hamısını tam əhatə etmir. Ona görə də gəlir bəyannaməsi təqdim etməli olan publik vəzifəli şəxslərin dairəsinin daha da dəqiqləşdirilməsi və konkretləşdirilməsi məqsədəuyğundur.

2. Bəyannamənin təqdim olunduğu qurumların dairəsinin də dəqiqləşdirilməsi məqsədəuyğundur. Bir sıra vəzifəli şəxslərin qulluq etdikləri dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilmiş maliyyə (mühasibat) qurumuna bəyannamə təqdim etmələri bir o qədər də uğurlu variant sayıla bilməz. Bəzi hallarda idarə maraqlarının dövlət və ictimai maraqlardan üstün tutulduğunu nəzərə alsaq, bu halda bəyannamə korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə səmərəli vasitələrdən biri kimi əhəmiyyətini itirə bilər.

3. Bəyannamənin yalnız yazılı formada təqdim olunması nəzərdə tutulur. Halbuki gəlir bəyannamələrinin elektron formada tətbiqi və işlənməsi təcrübəsi geniş yayılmaqdadır və bu təcrübədən yararlanmaq olar.

4. Bəyannaməyə daxil edilməli olan məlumatların dairəsi ümumi şəkildə müəyyən olunur və vəzifəli şəxsin maliyyə vəziyyətini, gəlirlərini və xərclərini tam şəkildə izləməyə imkan vermir. Ona görə də bəyannaməyə daxil edilməli olan məlumatların dairəsinin daha konkret müəyyən olunması zəruridir. Daha sonra bəyannamədə yalnız gəlirlər və bəzi aktivlər haqqında məlumatların göstərilməsi nəzərdə tutulur. Vəzifəli şəxsin xərcləri haqqında məlumatların bəyannamədə göstərilməsi qaydası müəyyən olunmayıb. Bundan başqa, vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatların da bəyannaməyə daxil edilməsi nəzərdə tutulur. Təcrübə göstərir ki, vəzifəli şəxslər, xüsusən də yüksək ranqlı vəzifəli şəxslər öz əmlaklarını və aktivlərini özlərinin, ailə üzvlərinin və yaxın qohumlarının adına deyil, üçüncü şəxslərin, tamamilə kənar adamların adına rəsmiləşdirirlər.

5. Bəyannəmədə göstərilən maliyyə xarakterli məlumatlara nəzarət mexanizmi də vəzifəli şəxslərin maliyyə vəziyyətinin dəqiq monitorinqini aparmağa imkan vermir. Belə ki, maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannaməni qəbul edərkən onun yalnız düzgün tərtib edilib-edilməməsini yoxlayır. Belə yoxlama mahiyyəti üzrə deyil, yalnız formal tələblərə əməl olunub-olunmaması baxımından həyata keçirilir. Bəyannamədə göstərilən məlumatların mahiyyəti üzrə yoxlanması, yəni həmin məlumatların həqiqiliyi və tamlığı, sonuncu dəfə təqdim edilmiş bəyannamə ilə əvvəllər təqdim edilmiş bəyannamələrdə göstərilən maliyyə xarakterli məlumatlar arasında fərqlərin olub-olmamasının araşdırılması məcburi tələb kimi nəzərdə tutulmayıb. Belə yoxlamanı aparıb-aparmamaq məlumatları qəbul edən orqanların mülahizəsinə aid edilib ki, bu da gəlir bəyannəmələrinin təqdim edilmə məqsədlərinə uyğun gəlmir və onu formal bir tələbə çevirir.

6. Gəlir bəyannamələrində təqdim edilən maliyyə xarakterli məlumatların publik qaydada açıqlanmasının nəzərdə tutulmaması və onların qeydsiz-şərtsiz şəxsi həyat sirrinə aid edilməsi vəzifəli şəxslərin və bütövlükdə publik qurumların fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərinə uyğun gəlmir və son nəticədə vətəndaşların dövlət qurumlarına və vəzifəli şəzslərə inam və etimadının azalmasına gətirib çıxara bilər.

7. Vəzifəli şəxslərin maraqlar toqquşmasına səbəb ola biləcək hallar barədə məlumat vermək vəzifəsi nəzərdə tutulmayıb. Bu da öz növbəsində vəzifəli şəxslərin fəaliyyətində şəxsi maraqların dövlət və ictimai maraqlardan üstün tutulmasına gətirib çıxara bilər.

8. Vəzifəli şəxslər tərəfindən gəlir bəyannaməsinin üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş formada təqdim edilməsi yalnız intizam məsuliyyətinə səbəb olur. Bu da son nəticədə bəyannaməni təqdim etmək tələbinin yerinə yetirilməsinin məcburiliyinə etimadın azalmasına gətirib çıxara bilər.

Bu məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra edilən “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması” layihəsi çərçivəsində hazırlamışdı.
KARUSEL / CƏMİYYƏT
Tarix: 16-10-2023, 16:32