Sahil Mühafizə generalının həbsi haqda sensasion iddia - sərhədi pozan qayıq...
Aprelin 30-da Qazaxıstan sərhədini pozan “Bayda” haqda dövlətə yanlış bilgimi verilib?; İki strateji tərəfdaş ölkə arasında bir qayığa görə nota və ...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxsləri haqda hələ ki, ətraflı məlumat yayılmayıb. Yalnız o məlumdur ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.
2005-ci ilin fevralında yaradılmış DSX-nın Sahil Mühafizəsindəki həbslərə Mədəniyyət Nazirliyində və icra hakimiyyətlərindəki həbslərin davamı kimi baxmaq da olar. Göründüyü kimi, əməliyyatda qısa olaraq antikorrupsiya idarəsi adlandırılan qurum da iştirak edib ki, bu da hələ ictimaiyyətə açıqlanmamış ittihamlar haqda ümumi rəy yaradır. Amma DSX-nın Sahil Mühafizəsi hansısa bir icra strukturu deyil. Bu, hərbiləşdirilmiş və ölkənin Xəzərlə olan dövlətlərlə su sərhədlərinin qorunmasına birbaşa məsul olan strukturdur. Sahil Mühafizəsi Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektləri radarlar vasitəsilə fasiləsiz müşahidə edir.
816 kilometrlik su sərhədlərimizin mühafizəsi sərhəd gözətçi gəmiləri və müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə təmin olunmuş bu struktura həvalə edilib. Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində Sahil Mühafizəsi dövlət maraqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktura malikdir. DSX-nın Sahil Mühafizəsi təkcə su sərhədlərimizin qorunması üçün görəvli deyil. Bu struktur Xəzər dənizinin Azərbaycana aid hissəsində bioloji resursların, enerji ehtiyatlarının, sualtı neft-qaz ixrac boru kəmərlərinin qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa və brokonyerliyə qarşı mübarizə üçün görəvlidir. Məhz bu səbəbdən də DSX-nın Sahil Mühafizəsinin rəisinin qandallanmasına sadəcə, korrupsiya hadisəsi kimi izah etmək çətin görünür. Əlbəttə, ortada yəqin ki, korrupsiya və qaçaqmalçılıq, qanunsuz balıq ovu da var ki, həbs edilənlər arasında mülki şəxslərin olması buna işarə sayılır. Amma...
DSX-dakı həbslər Azərbaycanda sərt karantin rejimi günlərində baş vermiş bir hadisəyə diqqət yetirməyi zəruri edir. Söhbət aprelin 30-da Azərbaycana aid bir kiçik həcmli qayığın Qazaxıstanın su sərhədlərini pozmasından gedir. Həmin hadisə zamanı bir nəfər həlak olmuş, bir neçə nəfər isə həbs edilmişdi. Həmin informasiya “Qazaxıstan Azərbaycan gəmisinə atəş açdı” kimi başlıqlarla diqqət çəkmişdi.
Bundan sonra Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşmüş və bu ölkəyə etiraz notası vermişdi. Mediada bununla bağlı yayılan rəsmi məlumata diqqət edək: “Bildirilib ki, görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.
Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.
Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verdi və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib.
O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün səfirlik tərəfindən zəruri köməyin göstəriləcəyini ifadə edib”.
Xəbərdən də göründüyü kimi, Azərbaycan tərəfinin strateji müttəfiqi olan və xüsusilə dəniz üzərindən daşımalarda və logistikada ciddi əlaqələrə malik olan Qazaxıstana notasında kifayət qədər sərt notlar da var. Bu isə o anlama gəlir ki, Qazaxıstanla sərhəddə baş verən insident kimlərsə tərəfindən ya şişirdilib, ya da düzgün məruzə edilməyib. Yəni bir sərhədi qeyri-qanuni keçmiş olduğu deyilən qayığa görə iki ölkənin münasibətlərini sınağa çəkmək kimlərin marağında ola bilərdi ki?
İndi isə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi tərəfinin mayın 6-da bu hadisə ilə bağlı yaydığı rəsmi məlumata diqqət edək. Qeyd edək ki, bu informasiyaya Azərbaycan KİV-lərində rast gəlmədik. Bu xəbər “Sputnik-Kazaxıstan” saytında yayılıb. (Yazıya linki əlavə edirik: https://ru.sputniknews.kz/incidents/20200506/13913948/pogranichniki-narushiteli-azerbaydzhan.html)
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatında deyilir ki, aprelin 30-da ölkənin Manqustay vilayətində ərazi sularında sərhəd pozucusu olan “Balda” tipli kiçik qayıq sərhədçilərin “Dayan” komandasına tabe olmayıb. Sərhəd pozucuları dayanmaq əvəzinə gəmidə sürəti daha da artıraraq ərazidən uzaqlaşmağa çalışıb.
“Bayda” tipli kiçik gəmi beynəlxalq dəniz qanunlarında nəzərdə tutulmuş dayandırmaq əmrlərinə baxmayaraq, sərhəd pozucuları tabe olmayıb və yüksək sürətlə sərhəd qayığının qarşısında təhlükəli şəkildə manevr edib, toqquşma təhlükəsi yaradıblar.
Sərhəd pozucularının təqibinin 1 saat 40 dəqiqə davam etdiyi bildirilir. "Qazaxıstan Respublikasının Dövlət Sərhədləri haqqında" Qanunun tələblərinə uyğun olaraq odlu silahdan 25 xəbərdarlıq atəşi, qayığa doğru 87 və sərhəd pozucularının olduğu qayığın mühərriklərinə 185 atəş açılıb " deyə, Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatda bildirib.
Məlumatda deyilir ki, nəticədə üç Azərbaycan vətəndaşı xəsarət alıb. Həbs zamanı zərərçəkənlərə dərhal ilk tibbi yardım göstərilib.
Görülmüş tədbirlərə baxmayaraq, təcili yardım həkimləri sahilə çatdıqdan sonra tutulanlardan birinin öldüyünü müəyyənləşdirdilər.
Qeyd olunur ki, saxlanılan şəxslərlə əlaqədar Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci bəndinə əsasən “Dövlət sərhədi qəsdən qanunsuz keçmə” maddəsi ilə dövlət sərhədinin pozulması faktı ilə əlaqədar istintaq tədbirləri görülür. Maddənin sanksiyaları əcnəbi və ya vətəndaşlığı olmayan bir şəxsin Qazaxıstandan 5 il müddətinə çıxarılması ilə böyük bir cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum edilməsidir.
Qazaxıstan tərəfi bildirib ki, aprelin 30-da sərhədi pozan dörd brakonyerdən üçü 2017-ci ildə də Qazaxıstan qanunlarına uyğun olaraq altı ay həbs cəzası alıb.
Qazaxıstan tərəfi ölən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verərək onun nəşinin təhvil verildiyini bildirib.
Qazaxıstan, həmçinin Azərbaycan vətəndaşları tərəfindən ölkənin dövlət sərhədini pozma hallarının artmasından narahatlığını ifadə edir. Bildirilir ki, 2017-ci ildən bu günə qədər 41 Azərbaycan vətəndaşı tutulub, onlardan 33-ü dövlət sərhədini pozmaqda ittiham olunub.
İndi diqqəti Azərbaycan-Qazaxıstan münasibətlərinə yönəldək. İki ölkənin qlobal, regional və ikili münasibətləri ən yüksək səviyyədə formalaşıb.
Azərbaycan və Qazaxıstan müstəqilliyini qazandığı gündən etibarən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. 2004-cü ildə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Bu bəyannaməyə əsasən, tərəflər arasında münasibətlər strateji xarakter daşıyır. Bundan başqa hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı və İqtisadı Əməkdaşlıq Təşkilatının üzvüdürlər və burada əməkdaşlıq edirlər. İki ölkə həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurucu üzvüdür. Türk Şurası beynəlxalq səviyyədə əməkdaşlıq baxımından iki ölkə arasında əməkdaşlığın zirvəsi sayıla bilər. Belə ki, bu təşkilat çərçivəsində iki ölkə xarici siyasət və təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat kimi bir çox sahədə əməkdaşlıq edir. Hər iki ölkə nəqliyyat və enerji infrastrukturunun inkişaf etdirilməsi üçün böyük sərmayə yatırmışdır. 2017-ci ildə Bakıda Bakı-Tiflis-Qars dəmiryolunun açılışında Qazaxıstanın baş naziri də iştirak etdi. Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər nəqliyyat sisteminin inkişaf etdirilməsi üçün əməkdaşlıq var. Qazaxıstanın Aktau və Azərbaycanın Ələt limanları Türk Şurası çərçivəsində qardaşlaşmış limanlardır. Hər iki ölkə eyni zamanda Beynəlxalq Trans-Xəzər Nəqliyyat Koridorunu yaradır ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına xidmət göstərir.
Enerji sahəsində əməkdaşlıq, neft və neft məhsullarının Qərb bazarlarına çatırılması müstəqilliklərinin ilk illərindən etibarən hər iki dövlətin əməkdaşlıq sahəsidir.
Generalın və digər əməkdaşların həbsinin motivlərinin siyasiləşdirilməsi arzuedilən deyil, amma faktiki olaraq məhz DSX Sərhəd Mühafizəsinin fəaliyyətsizliyi nəticəsində Qazaxıstanla Azərbaycan arasında gərəgsiz gərginlik yarana bilərdi ki, bundan qazanan isə yalnız ölkəmizi istəməyənlərin arzusu ola bilərdi. Onu da xüsusi qeyd etmək lazımdır ki, məhz Prezidentin ciddi səyləri nəticəsində Azərbaycanın Xəzəryanı ölkələrlə su sərhədləri ucbatından illər öncəki gərginlikləri arxada qalıb, siyasi, iqtisadi, hətta birgə hərbi əməkdaşlıq səviyyəsinədək yüksəlib.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 15-05-2020, 13:09