mobil versiya

Azərbaycanlı jurnalistin Bali qeydləri: Bambaşqa bir dünya, selfi çəkən meymunlar, kofe ifraz edən pişiklər... – VİDEO,FOTOLAR



“Hər şey o qədər ucuzdu ki…”


“Meymunların gözünə diqqətlə baxmayın, onlar özlərini təhlükədə hiss edib sizə hücum çəkə bilər. Eynəklərinizi gizlədin, yanınızda və ya çantanızda yemək daşımayın. Meymunlarla təmas qurmayın”.


İndoneziyanın il ərzində ən çok turist cəlbedən adalarından biri olan Bali adasının Ubud şəhərindəyəm. Şəhərin ən maraqlı yerlərindən biri olan Meymunlar Meşəsinə (Monkey Forest) daxil olmadan giriş lövhəsində yazılan bu sözlər diqqətimi çəkir, girib- girməmək üçün tərəddüd edirəm. Lövhənin yanında gəzişən meymunlar bir az da həyəcanlandırır məni. Daha əvvəl meymunlardan qorxacağımı heç vaxt düşünməsəm də, meymunların bəzi tursitlərə hücum etdiyini, onları dişlədiyini eşitmək əlimdəki yenicə aldığım biletə bir daha baxmağa vadar edir.

Ancaq belə fürsət bir də ələ keçməz deyib, özümü meymunlar aləminin maraqlı ağuşuna atıram. Bir az qabaqda meymunlardan biri əlindəki balaca kokosu qırmağa çalışır. Ətrafında ona tamaşa edən turistlərə fikir vermədən böyük bir ciddiyətlə əlindəkini qırıb dərhal içindəkini yeməyə çalışır, bacarmadıqca əsəbiləşib daha da möhkəm yerə çırpır. Bu mənzərə mənə yeriməyə yenicə öyrənən körpənin ayağa qalxdıqca yıxılmağını xatırladır. Əzimli, bir o qədər də uğursuzluqdan yorğun meymun əlindəkini də götürüb kənara, gözlərdən uzaq bir yerə keçir…

Bu sırada digər tərəfdən ana meymunlardan biri qucağındakı kiçik balası ilə o tərəf, bu tərəfə qaçmağa başlayır. Turist ordusu bu dəfə də heyrət nidaları və əllərindəki kameralar ilə onların dalınca düşür. Axı, içi mən qarışıq, onlarla insanın birgə şahid olduğu bu mənzərə çox qeyri-adidir. Bu meşədə təxminən 900 növ Baliyə məxsus uzun quyruqlu makaka adlanan meymun yaşayır. Onlar ümumilikdə 7 qrupa bölünüb, və bəzən onlar arasında çayda çimmək və s. səbəblərdən dava da çıxa bilir. Biz insanlar da onların yaşadığı bu məkana üz tutub meymunlara baxdıqca heyrətlənirik. Düzdür, onların yaşadığı aləmi əslində korlamış oluruq. İnsanların gətirdiyi çantaların içindən meymunlar bəzən plastik su qabları, cipslər, müxtəlif əşyalar oğurlayırlar. Biz olmasaq, onların yaşadığı bu aləm bəlkə də belə çirklənmiş olmazdı… 

İnsanların hətta meymunlarla selfie çəkdirmək imkanları belə olur. Elə ki, orada işləyən mühafizəçilərdən biri sağ əlində telefonun kamerasını açıq tutaraq digər əlindəki yemi meymuna uzadıb, meymunun yeməyə doğru əlini uzatmağını gözləyir. Bu şəkildə sanki meymun özü sizinlə selfie çəkir. Biz də selfie üçün növbəmizi gözləyirik, sonda isə meymuna verilən yem üçün mühafizəçiyə kiçik bir bəxşiş veririk (özü bunu təklif edir ilk öncə). Daha sonra meşəlik boyunca kəşfə davam edirik.



Digər bir tərəfdə dincəlmək üçün oturan 30 yaşlarındakı qadına dəcəl bir meymun yaxınlaşır. Əvvəlcə onun çantasını açmağa çalışır. Bu sırada qadın həyəcanlanır, mənzərəni görən insanlar böyük bir maraqla tamaşa etməyə başlayır. Qadının öncədən ayaqda olan dostu isə dərhal əlindəki telefonu çıxardıb bu anı ölümsüzləşdirməyə çalışır. Bir tərəfdən də qadına başındakı eynəyi ona verməyi, əks təqdirdə meymunun eynəyi götürüb qaçacağını deyir. Qadın öz eynəyini dostuna uzadır. Meymun da bir az sonra qadından götürməyə heç nə tapa bilməyib uzaqlaşır. 
İnsanlar isə dərhal digər mənzərələrə diqqət kəsilirlər, belə ki, burada görülməyə dəyər şeylər çoxdur.  Ubudun digər yerəri kimi… Bu mənzərələri sözlə ifadə etməyin bir az çətin olduğunu desəm yanılmış olmaram.

Ümumilikdə isə, bura bir. Başqa dünya kimidir. Şəhərin aurası, insanları, yolları, həyatın gündəlik işləyişi insanı heyrətləndirir. Ən çox da qiymətləri… Hər şey nə qədər də ucuzdur. Yeməkləri, məşhur Bali masajçılarının xüsusi masajları, restoranların qeyri-adi dizaynı, həsir çantalardan, əl işləmə suvenirlərə qədər, hər şeyin olduğu incəsənət bazarı (art market), yollarındakı tıxacları ilə görülməyə dəyər fərqli bir dünyadır Ubud. Burada insanlardan çox motosiklların olduğunu desək isə yanılmarıq. Burda hətta 12-13 yaşlı məktəb tələbələri belə məktəbə motosikletlə gedib -  gəlir. Maşınların çoxluğundan yaranan tıxacdan qaçmaq üçün adanın hər yerində hər yaşdan insan motosikllardan istifadə edir, turistlər üçün də motosikl taksilər xidmət göstərir. Mən isə həyatımda ilk dəfə motosikla minirəm. Bakıda təhlükəli olan nəqliyyat növü burda bir yerdən başqa yerə getmək üçün ən rahat nəqliyyat növüdür. Ancaq, turistlərin burada bəzən qəzaya düşdüyünü eşitdim, çünkü onlar bir az buranın qaydalarına, daha doğrusu yoldakı xaosa alışmaqda çətinlik çəkirlər. 



Bali adasının hər yeri gözəldir. Düyü tarlaları, kofe plantasiyaları, bir- birindən gözəl məbədləri, şəlalələri hər il on minlərlə turistin ən uğraq yerlərindən birinə çevrilir. Adanın məşhurluğunda əlbəttə ki, təbii gözəlliklər öz sözünü desə də, bir çox yer İnstagram və digər sosyal medyalar sayəsində öz populyarlığını qazanıb. 

Məsələn siz Azərbaycanda oturub Lempuyanq məbədində çəkilən şəkillərə baxıb valeh ola, şəkildə məbədin qarşısından yansıyan gölü görmək üçün Ubuda bir neçə saat məsafədəki bu məbədə gedə, ancaq bir çox turist kimi məbəddə xəyal qırıqlığına uğraya bilərsiniz. Çünki əslində məbəddə gölün olmadığını, şəkil çəkən yerli camaatın telefonun qabağına balaca bir ayna qoyaraq süni yansımanı əldə etdiyini tez bir zamanda anlayacaqsınız. Ancaq bir tərəfdən də o qədər yolu qət edib, bu məbədə gəlməməzlik edə bilməzdiniz elə deyilmi? 

Bu yer sosial medya sayəsində o qədər məşhurlaşıb ki, məbədin qarşısında şəkil çəkdirmək üçün minumum 2-3 saat gözləməli olursan. Biz də, növbənin az olmağı üçün gecə 4-də yola çıxıb, səhər 6-da məbədə çatırıq. Ancaq yenə də, məbədin qarşısında çoxdan yığışmış olan insan ordusu ilə qarşılaşırıq. Bu məbəddə şəkil çəkdirmək üçün isə “sarung” adlanan İndoneziyanın milli paltarını geyinməlisən. Bunun kimi digər yerlərdə də şəkil çəkdirmək üçün növbələrlə qarşılaşırıq. 


Mənim isə ən çox bəyəndiyim Balinin şəlaləri olur. Vaxt azlığından mən sadəcə “Əkiz”, “Leke Leke” və “Tibumana” adlı şəlalələri görə bilsəm də, ümümilikdə adada 100-dən çox şəlalənin olduğunu tez-tez özümə xatırladıb, bunların hamısını 5 gün ərzində görməyin mümkün olmayacağını deyərək, təsəlli tapmağa çalışıram. 

Bəyəndiyim, məni özünə valeh edən digər bir məbəd isə Müqəddəs Su Bulağı mənasına gələn Tirta Empul məbədi olur. On üç bulaqdan ibarət olan bu məbəddə insanlar sırayla əllərini sinələrində qovuşduraraq on bir bulağın altında dua edirlər. Son iki bulaq isə yalnızca cənazə mərasimlərində təmizlənmə məqsədi üçün istifadə olunur.

Əsasən induizm dininə inanan Bali xalqının yanı sıra, başqa ölkələrdən gələn induistlər və müxtəlif dinləri təcrübə emtək istəyən turistlər də buraya gələrək dua edirlər. Onlar, əyinlərinə “sarung” keçirdərək bu suya özlərini atır, təmiz suda öz çirklərindən bir növ arınırlar. Hava isti olsa da, hər bulağın başında insan ordusunu gözləyərkən titrədən insanları görmək insanın içinə bir növ üşütmə salır. Mənim kimi bu görkəmli ana şahid olan bir çox turist isə, yeni bir mədəniyyəti kəşf etmənin həyəcanını yaşayır. 


Kofe plantasiyası isə növbəti dayanacağımız olur. Burada bahalı Luvak kofesinin necə hazırlanmasına şahid oluruq. Deməli, kofe dənələri, “Civit” növünə məxsus luvak adlanan pişik tərəfindən yeyilir, yeyilən qəhvə lobyaları heyvanın mədəsində fermantasiyaya məruz qalır və onun ifrazından bu kofe əldə olunur. Sonra həmən heyvanın nəcisindən çıxan qəhvə təmizlənir, yuyulur, qovrulur və Luvak kofesi halını alır. Bu prosesin müxtəlif mərhələlərinin şahidi olduqdan sonra isə bizə 10 cür müxtəlif çay və kofe növləri dadmaq üçün təqdim olunur. Bu şəkildə insanlar bəyəndikləri çayları, kofeləri almağa təşviq edilir. Kofenin üyüdülmüş 100 qramı təxmninən 100 dollara satılır.

Ubud şəhərində 5 gün qaldıqdan sonra növbəti gedəcəyimiz şəhər Seminyak olur. Ubudun gözəlliyindən və cana yaxınlığından sonra Seminyakda gördüyüm tıxac, küçələrin darıxdırıcı abı-havası bir az xəyal qırıqlığına səbəb olur məndə. Burası Ubuddan tamamilə fərqlidir. Şəhərin konsepti bir - birindən gözəl restoranlardan, kafelərdən, çimərliklərdən ibarətdir. La Plancha, La Brissa, Finss adlı çimərliklərin sahilindəki məkanlar bizi indiyənəcən heç bir xarici ölkədə görmədiyimiz konseptlə tanış edir. Məkanın iç dizaynından tutmuş, xidmət və axşam 6 radələrində okeanla birləşən gün batımının gözəlliyi sizi bir daha ovsunlayacaqdır. 


İşin maraqlı tərəfi isə odur ki, Bali İndonesiyanın adalarından sadəcə biridir. Məsələn Nusa Penida, Lambok, Gili özünü turistlərə cəlb edən digər adalardan sadəcə bəziləridir. Məsələn, Nusa Penida adası cəmi üç il əvvəl turistlər üçün uğraq məkanlardan biri olmağa başlayıb. Elə buna görə də yolları çox pisdir, hələ çox işlənilməyib. Bir yerdən digər yerə getmək saatlarla vaxt aparır. Ancaq turistərin adaya artan marağı ilə birgə yerli xalq da onlara sürücülük edərək, ruzilərini qazanırlar. Gəmidən düşər düşməz, əlində plakatlar olan sürücülər özlərinə müştəri axtarır. 


Bu ada bir-birindən gözəl çimərlikləri ilə məşhurdur. Siz əgər bura bir günlük tur götürürsünüzsə, onda ancaq 2-3 çimərliyi görə bilərsiniz. Yenə də yolların yaxşı vəziyyətdə olmadığına görə. Sıldırım qayalar ardında masmavi sularıyla göz oxşayan Broken Beach, Kelingking çimərlikləri şübhəsiz ki, görülməyə dəyər yerlər arasındadır. 


Balidə başqa maraqlı anlara da şahid oluruq. Məsələn, Seminyak şəhərində onlayn taksilərdən istifadə edə bilsək də, bəzi şəhərlərdə yerli taksi mafyası buna icazə vermir. Tanah Lot adlı məbədin olduğu bölgədən çıxdıqdan sonra online motosikl çağırmaq istəyirik. Ancaq yerli taksilər onlayn işləyən sürücüləri qorxudur. Onlayn sürücülər bu kimi bölgələrə müştəri gətirə bilsə də, bu bölgədən öz maşınına, motosiklına müştəri mindirə bilməz. 

Məbəddən çıxıb yerli taksilərin qiyməti ilə maraqlanırıq. Onlar bizə 300.000 rupee (təxminən 20$) qiymət oxuyur. Ancaq normal qiymət isə 20.000-30.000 (2-3$) arasındadır. Təsadüfən müştəri düşürdən onlayn motosikl görürük, gənc sürücüdən bizi aparmağını istəyirik. Razılaşır sürücü, ancaq elə bu anda başqa motosikldakı bir sürücü yanımıza gəlir. Öz dillində bizim sürücüyə nəsə deyir. Onsuz da arıq, çəlimsiz olan oğlanın rəngi dəyişir və bizi aparmaqdan imtina edir. Biz əlbəttəki məsələnin əslini internetdə başqa turistlərin yazdıqlarını oxuyandan sonra öyrənirik.  

Bax, beləcə bir-birindən maraqlı, rəngli xatirələrlə Bali turumuzu başa çatdırır, geriyə Vətənə qayıdırıq. //musavat.com










MARAQLI / KARUSEL / REDAKTOR SEÇİMİ
Tarix: 2-11-2019, 22:29