mobil versiya

ÜST ağcaqanadlarla ötürülən xəstəliklərin sayının artması barədə xəbərdarlıq edir



Ağcaqanadlarla ötürülən denqe və çikunqunya virus infeksiyaları dünyanın bir sıra regionlarında sürətlə yayılır. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə ÜST ekspertləri ağcaqanad dişləmələri ilə insana ötürülən xəstəliklərə həsr olunmuş brifinqdə bildiriblər.
ÜST qeyd edir ki, qlobal istiləşmə bu virusların daha geniş yayılmasına aparan amillərdən biri ola bilər. Böyük miqdarda yağıntı da ağcaqanadların çoxalmasına gətirib çıxarır. Üstəlik iqlim dəyişməsinə görə virus ötürücülərinə əvvəllər onlar üçün təbii mühit olmayan ölkələr və regionlarda daha tez-tez rast gəlinir.
ÜST-nin məlumatına görə, dünyada denqe xəstəliyinə yoluxma hallarının sayı 2000-ci ildə 505 mindən 2019-cu ildə 5,2 milyona qədər artıb. 2022-ci ildə Latın Amerikası regionunda 2,8 milyon yoluxma halı və 1280 ölüm halı qeydə alınıb. Artım tendensiyası hələ ki, 2023-cü ildə də qalmaqdadır.
Boliviya, Paraqvay və Perudakı vəziyyət mütəxəssislərdə xüsusi narahatlığa səbəb olub. Avropa regionunda 2010-cu ildən müntəzəm olaraq denqe qızdırması halları qeydə alınır. Asiyadakı tendensiyalar da narahatlıq doğurur.
2022-ci ilin iyul ayından Sudanda böyük sayda yoluxma halları (8239 yoluxma və 45 ölüm halı) qeydə alınıb.
Denqe qızdırması – ağcaqanadlarla ötürülən infeksiyalardan ən çox yayılanlardan biridir. Virusa ən çox tropik və subtropik iqlimdə rast gəlinir.
Denqe qızdırmasına yoluxmuş insanların əksəriyyətində heç bir simptom müşahidə olunmur. Aşkar edildikdə ən geniş yayılan simptomlar – yüksək temperatur, başağrısı, bədən ağrıları, ürəkbulanma və səpmədir. Bunların yüngülləşməsi üçün ən yaxşı vasitələr atsetaminofen və ya paratsetomoldur.
Qızdırma adətən bir-iki həftəyə keçir. Bəzi insanlarda denqe ağır formada keçir, onları xəstəxanaya yerləşdirmək tələb olunur. Nadir hallarda xəstəlik ölümlə nəticələnə bilər.
Çikunqunya xəstəliyinə yoluxma halları indi Paraqvay, Argentina və Boliviyada müşahidə olunur, həmçinin Braziliya və Latın Amerikasının digər regionlarında önün yüksək dövr etməsi qeyd olunur.
Qeydə alınmış kəskin meningoensefalit və neonatal ölüm halları bu xəstəlik üçün səciyyəvi deyil. Ölüm hallarının təxminən 70 faizi əsasən diabet, hipertoniya, zəifləmiş immunitet kimi bundan əvvəl mövcud xəstəlikləri olan 60 yaşdan yuxarı əhaliyə təsadüf edir. Ölüm hallarının 20 faizi doğuş zamanı yoluxmuş körpələrə təsadüf edir.
ÜST vurğulayır ki, ümumilikdə çikunqunya xəstəliyinin ağır simptomları və ondan ölüm halları nadir xarakter daşıyır.
Çikunqunya adətən qızdırma və oynaqlarda güclü ağrıya səbəb olur, digər simptomlara oynaqların şişməsi, əzələlərdə ağrı, başağrısı, ürəkbulanma, yorğunluq və səpmə daxildir.
Çikunqunya virusunun səbəb olduğu infeksiya xəstəliklərinə qarşı vaksinlər və terapiya hal-hazırda demək olar ki, mövcud deyil.
ÜST qeyd edir ki, ağcaqanadlarla ötürülən daha bir xəstəlik – Zik qızdırmasına yoluxma hallarının sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2017-ci ildə 50 min hal, 2018-ci ildə isə – cəmi 30 min hal qeydə alınıb.
Ağcaqanadla ötürülən yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağın ən asan yolu bu böcəklərin dişləməsindən qaçmaqdır.
ÜST bədənin çox hissəsini örtən açıq rəngli uzun paltar geyinmək, ağcaqanadlar əleyhinə vasitələrdən istifadə etmək və ağcaqanad torları ilə qorunan yerlərdə yatmağı tövsiyə edir.
Təşkilat, həmçinin erkən və səmərəli diaqnostika və müalicənin zəruriliyindən danışır. Hal-hazırda bu cür infeksiyalara qarşı bir vaksinin artıq istifadə edilməsinə razılıq verilib, daha ikisi işlənmə mərhələsindədir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 6-04-2023, 17:31