Azad edilmiş ərazilər əcnəbi rəssamların gözü ilə - VİDEO
Şuşada keçiriləcək “Xarı bülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olunub.
“Report” xəbər verir ki, ilk dəfə keçirilən “Xarı bülbül” beynəlxalq incəsənət festivalında 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində əldə olunan zəfərimizdən ruhlanaraq unikal əsərlər ərsəyə gətirib.
Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan xarı bülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim ediblər.
Bununla yanaşı, rəssamlar Füzuli və Cəbrayılı da ziyarət ediblər, kətan üzərində yağlı boya ilə “Yaddaşın rəsmləri” mövzusunda əsərlər ərsəyə gətiriblər.
Estoniyalı rəssam Mariya Çuprina Füzulidə gördüklərindən sonra qarışıq hisslər keçirdiyini qeyd edib: “Bir tərəfdən boş, dağıdılmış şəhər, digər yandan isə həyatı simvolizə edən təbiətin üsyanını görürəm”.
Latviyalı rəssam Erik Tsaunenin fikrincə, xarı bülbül gülünün emosiyaları və təəssüratları əks etdirmək üçün maket kimi seçilməsi çox rəmzidir: “Bu təsvir birmənalıdır, xarabalıqdan sonra hər şeyin inkişaf edib çiçəklənməsinin vaxtının çatdığına dair məlumatdır. Bu, xalqa olan arzumdur”.
Azərbaycanlı rəssam Kamilla Muradova üçün azad edilmiş ərazilərə səfər xüsusi və rəmzi xarakterli olub: “Atam pilot idi, o, Birinci Qarabağ Müharibəsində şəhid olub. İndi - aradan bu qədər vaxt keçdikdən sonra işlərimin məhz atam şəhid olan ərazilərdə sərgilənməsi mənim üçün simvolik xarakter daşıyır. Atam məhz Füzuli rayonunda şəhid olub”.
Ətrafda hökm sürən xarabalığa baxmayaraq, onun işi gələcəklə bağlı ümidlərlə doludur: “Məni memarlıq ilhamlandırdı. Buralar şəhərdən uzaq olsa da, çox gözəl yerlərdir və çox qədim mamarlıq nümunələri var. Buna görə də memarlıq binasını, onların nə dərəcədə dağılmış vəziyyətdə olduğunu təsvir etmək istədim. Eyni zamanda, işıq təsvir etməklə ümid vermək istədim. Biz ən yaxşısının olacağına, hər şeyin bərpa olunacağına və bu xarabalıqların daha əvvəllər olduğu kimi sevgi, mədəniyyət, həyat dolu gözəl binalara çevriləcəyinə ümid edirik”.
Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən rəssamlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirməkdir.
Əsərlər “Xarı bülbül” musiqi festivalı zamanı Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunan Şuşada sərgilənəcək.
Gözəl təbiəti və zəngin təbii sərvətləri ilə tanınan qədim bölgələrimizdən olan Qarabağda belə incəsənət festivalının keçirilməsi həm də mədəniyyətlərarası dialoqun zənginləşməsinə xidmət edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 10-05-2021, 11:30