Novruz Novruzlu tamaşaçıları Eşqin səfasına dəvət edir – Opera və Balet Teatrında təsəvvüf musiqisi (Foto)

Martın 18-də təsəvvüf musiqisi həvəskarlarını çox gözəl bir tədbir gözləyir.

 18 mart 2018-ci il tarixində saat 19-00 da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun “UZUN İNCƏ BİR YOLDAYAM” adlı solo konserti keçiriləcək.

Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa etdiyi musiqi insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. “Allahdan gəldik, Allaha dönəcəyik” – Novruzun oxuduqlarında insana verilən ilahi mesaj budur.

Bir zövqün təntənəsində bu rahatlığı yaşamaq istəyirsinizsə, siz də bu tamaşada yer alın. O konsertə toplaşanlar özünü Eşqin səfasında qonaq hiss etməyəcək. Hamı bu Eşqin yolunda bir bütündür. Bu yola bələdçiliyi isə Novruz Novruzlu edəcək.

Görüntünün olası içeriği: Novruz Novruzlu, yazı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Hələ uşaq ikən musiqiyə marağının böyük olduğunu deyir. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. “Savalan” qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. Məlumat üçün söyləyək ki, sözügedən ansambl dünya xalqlarının musiqilərini ifa edirdi. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi “O olmasın, bu olsun” tamaşasında Əsgər rolunu ifa edib. Novruz Novruzlu hazırda Akademik Opera və Balet Teatrında işləyir. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə “Savalan” qrupu yaradılıb.

Tamaşaçılar konsertə biletləri teatrın və “ASAN XİDMƏT”in kassalarından əldə edə bilərlər.   /Avropa.info/