DİLÇİLİKDƏ KONSEPTUAL YANLIŞLIQ –Nəriman Qasımoğlu yazır

Nəriman Qaımoğlu

(Dinşünas alim)

Ötən statuslarımdan birinin ətrafında gedən müzakirələrdə bir daha ortaya çıxdı ki, valideynlər ana dili dərsliklərindəki eybəcər “orfoepiya” qaydalarından həqiqətən dad çəkirmişlər. Heç bilmədiyimiz qüsurlardan da agah olduq.

Bir müəllim iztirabla şikayət edir ki, məcburdur uşaqlara “qovmaq” feilinin tələffüzünü “qo:max” kimi öyrətsin. Bir valideyn isə dil müəllimi ilə mübahisə aparırmış ki, övladına “narlıq” sözünü “narrıx” kimi tələffüz etdirməsin. Başqa bir valideyn yazır: “2-ci sinifdə oxuyan qızım deyir “ana, niyə ‘qazlar’ı [qazdar], narları [narrar] kimi deməliyəm, axı ‘qazlar’, ‘narlar’ deyirəm, belə yaxşı səslənir”.

Statusuma şərhini mənə ayrıca məktub şəklində göndərən bir gəncin halına isə həqiqətən acıdım. Nə qədər səhv yolda olduğunu və bunu indi anladığını yazır. Başqalarına yanlış iradlar tuturmuş ki, “oynayırlar” yox, “oynuyurlar”, “sonra” yox, “sora”dır sözün doğru tələffüzü. Sonra belə də yazır: “Nə qədər aldadılmışıq”. Ona ürək-dirək verdim ki, günah səndə deyil, dərslikləri yazıb məktəblərə sırıyanlardadır. Onlardadır ki, adi danışıq dilindəki fonetika hadisələrini ədəbi dilin pozulmaz qaydaları kimi təsbit ediblər və bunları “orfoepiya” adına rəsmiləşdiriblər.

Güldəniz Qocayeva ədəbi dilimizin başına gətirilən bu müsibətlərə yaxşı bir ad da verdi: “orfo işgəncələr”, yəni orfoepiya işgəncələri.

Şərhlərdə bu qəbildən anomaliyaları tənqid edənlər arasında nisbətən güzəştli mövqe tutanlar da var. Mövqeləri belədir ki, bəzi hallarda yazı ilə şəkillənən ədəbi dil nitqində şifahi dildə təbii baş verən müəyyən hadisələri saxlamaq lazımdır. Məsələn, “n” hərfi ilə bitən sözlər cəm şəkilçisi qəbul edəndə “lar-lər” əvəzinə “nar-nər”lə bitsin, yəni “qurbanlar” olmasın, “qurbannar” olsun. Eləcə də “n” hərfi ilə bitən sözlərin çıxışlıq hal şəkilçisi “dan-dən” əvəzinə “nan-nən” kimi olsun: məsələn, “qurbandan” yox, “qurbannan”. Və bunlar ədəbi dil nitqinin normativi kimi istisnalar qəbilindən təsbit edilib qanuniləşsin.

Məsələyə bir daha qayıtmağa ehtiyac gördüm ki, diqqəti bu “istisna” təkliflərinə də cəlb edim.

Təkrarən deyirəm, bizdə orfoepiya qaydaları altında təqdim olunanlar ümumən Azərbaycanlıların şifahi nitqində baş verən təbii hadisələri təqdim edir. Ona görə bu, orfoepiya deyil, çünki orfoepiya məhz ədəbi dildə tələffüz qaydalarını müəyyənləşdirir. Azərbaycan ədəbi dilinin gəlişməsi tarixi hansı zəmində və məntiqdə baş verdiyi də məlumdur ki, bunlar yazı dili ilə şərtlənib. Bunu ədəbi dilimizə aid özəllik, ədəbi dilimizi başqa ədəbi dillərdən fərqləndirən xüsusiyyət kimi qəbul etməliyik. Qəbul etməsək, bu olur dilçilik elmində konseptual yanlışlıq! Hazırda “ədəbi dil tələffüzü”nə aid bilinən eybəcərliklərin yaranması və dərsliklərdə xaos yaratması dilçilərimizin yol verdiyi bu konseptual yanlışlıqdan qidalanır.

Çarə odur ki, Azərbaycan ədəbi dilini yazı dili zəminində etalon olaraq qəbul edəsən. Çünki ədəbi dilimizin gəlişməsi tarixi sadəcə başqa variant təklif etmir. Teatr dili, televiziya dili, rəsmi dil məhz bu etalona üz tutaraq nisbətən cüzi fərqlərlə müəyyənləşir ki, bu da tamamilə təbiidir. Fikrimi belə də ifadə edim ki, fərqli auditoriyalara istiqamətli bu cüzi fərqlər ədəbi dil etalonuna yaxın ətrafda gerçəkləşməlidir. “İstisnalar” isə mahiyyət etibarilə istisnalar olmadığına görə qeyd etdiyim bu fərqlərdə yer almalıdır və bu fərqlər içində belə ədəbi dilin etalon norması kimi qələmə verilə bilməz.

Ədəbi dil etalonunda istisna presedenti ləhcələşmə üçün olduqca münbit zəmin yaradır, necə ki, bu, eybəcər bir şəkildə artıq kütləviləşib və insanlarımızın nəinki nitqində, yazısında da geniş yayılıb, orfoqrafiyaya sirayət etmək risklərini artırıb.

“İstisna” tərəfdarları “dil canlı varlıq kimidir, yaşayır, inkişaf edir, dəyişikliklərə uğramaqla təkmilləşməsi baş verir və sonsuza qədər də bu çür davam edəcəkdir” deyirlər. Razıyam. İndi baxın, son onilliklərdə ədəbi dilimiz inkişafmı edib, yoxsa xeyli dərəcədə tənəzzülə uğrayıb. Təəssüf ki, baş vermiş olan bu ikincidir. Çalışaq itkilərimizi bərpa edək. Prezidentin müvafiq fərmanı buna zəmin yaradır, ona görə, ümidliyəm ədəbi dilin başına gətirilən xaosdan qurtulmaq üçün imkanlarımız artacaq. İnkişaf zamanla dilə gələn və doğmalaşan yeni sözlər, ifadələr hesabına baş verir, ədəbi dili əski çağlara, millət kimi formalaşmadığımız dövrlərə qaytarıb ləhcələşmə ilə olmur.

Orfoqrafiyamızı yersiz dəyişikliklərə uğratmaq cəhdləri və təklifləri də mahiyyət etibarilə bu ləhcələşmə perspektivinə xidmət edir. Unutmayaq ki, ədəbi dilimizi şəkilləndirən orfoqrafiya da ədiblərimizin, yazarlarımızın əsərlərində cilalanıb. Bu sahəyə zamanla sirayət ehtimallı hansısa dəyişikliklər yenə beləcə ədiblərin, yazarların əsərlərində təbii yolla cilalana-cilalana, doğmalaşa-doğmalaşa gerçəkləşə bilər. Dilçilərin imperativ qaydada dəyişikliklər gətirməyə sadəcə haqları çatmır, özü də söhbət o dilçilərdən gedir ki, adi danışıq dilində baş verənləri “orfoepiya” kimi təqdim etmişlər və bu konseptual yanlışlığı hələ də qəbul etmək gücündə deyillər.

Bir daha qayıtmaq istərdim ədəbi dil qaydalarına dair “istisnalar”a, şəkilçilərə. Yuxarıda buna dolayısı ilə toxunmuşam. Niyə israrlıyam belə istisnalara yol vermək olmaz – bunu da demişəm. Televiziya, teatr dilində bunlara normal yanaşmaq olar. Əlavə etmək istədiyim ayrı şeydir və bunu müzakirəyə çıxarmıram, ədəbi dilimizin musiqililik potensialına aid fərdi və subyektiv mövqeyimdir, ayrıca qeyd edirəm. Peşəkar musiqiçi ilə müzakirə etmişəm. Fikrimi dəstəkləyib. Cingiltili samitlə bitən sözlər çıxışlıq hal şəkilçisi qəbul edərkən məhz “dan-dən”in, cəm şəkilçisi qəbul edərkən isə məhz “lar-lər”in işlənməsi tələffüzdə cüzi problem yaratsa da, sözün səslənişini daha cingiltili, musiqili edir, ecazını artırır, “nan-nən” və “nar-nər” tələffüzündə intonasiya sönükləşir.

Yüz illər öncə də qopuz müşayiətində beləcə musiqili səslənirmiş Dədə Qorqud sözü: “Hanı, dediyim bəy ərənlər?”

“Ərənnər” deyənlərlə işim yox. Özləri bilərlər. Bunu qayda bilənlərinsə vay halına!

P.S. Dədə Qorqud kəlamını mənə xatırladan Vasif Sadıqlıya təşəkkür edirəm.