“Arif Əsgərovun evindən milyonları dəri kisədə daşıyırdıq” – CİNAYƏT DOSYESİ

Sabiq nazir müavininin bacanağı: “Onun evindən 21 milyon manat pul aparıb istintaqa vermişəm…”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi – Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a danışıblar.

Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov isə noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə getmək üçün evdən çıxıb və bu günə qədər harada olduğu bilinmir. Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını (https://www.youtube.com/watch?v=KmkYshd75CQ&feature=youtu.be) təqdim edib. Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. 10 gündür ki, Rahib Hüseynovun harada olduğu bilinmir. Onun anası Lətifə Hüseynova oğlunu bacısı Xatından, onun həyat yoldaşı Arif Əsgərovdan, onların oğlu Elnar Əsgərovdan xəbər almaq istəyib. Binəqədidə yan-yana inşa olunan Əsgərovlara məxsus villaların qapılarına gedib. Onu qəbul etməyiblər, üstəlik, polisə də barəsində şikayət olunub. Rahib Hüseynovun atası İsmayıl Hüseynov da deyir ki, övladları böyük haqsızlığın qurbanıdır.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/hr_df_arif_mllim_2-3_milyon_verirdihellip_ndash_sabiq_reisin_baldizindan_novbeti_ok_aiqlamalar)

Sitat: “2013-cü ildən bu yana bu məsələ araşdırılır. O vaxt böyük oğlum Rahibi 11 ay saxladılar, ətraflı, hərtərəfli araşdırma apardılar. İşə xitam verdilər. Həmin günlərdə Arif Əsgərovun yoldaşı məni yanına çağırdı, dedi ki, bacım, qardaşım, qardaşım oğluna evləri, bağları mənim pulumla alıblar. Onların evlərinin kupçalarını verdi, dedi ki, get notariusdan ”qeneralnıy doveronnost” al, sat, borcları ödə. Bu gün isə deyirlər ki, belə bir məsələ olmayıb. Olmayıbsa, “kupça”, “doveronnost” necə məndədir?”

İsmayıl Hüseynov deyir ki, dəmiryolunun təchizatı üçün müxtəlif adamlardan pullar alınıb. Həmin pullarla dəmir yolunun təchizatı üçün ucuz qiymətə mallar alınıb və baha qiymətə dövlətə satılıb. Əldə olunan gəlirdən isə pul sahiblərinə faizlər verilib: “Elnar Əsgərov, onun anası və mənim oğlum da bu işin içində idi. 10 min manatlıq malı dəmir yoluna 15 min manata satırdılar. Sonra həmin 5 min manatdan faizlər verilirdi, pullar bölünürdü. 2015-ci ildən sonra problemlər ciddiləşdi. Arif Əsgərovu dəmir yol idarəsinin rəisi vəzifəsindən, nəqliyyat nazirinin müavini vəzifəsindən çıxardılar. Bundan sonra borclulara da pul vermək dayandı. Bizim də qara günlərimiz başladı. Adamlar gəlib deyirdilər ki, pulu ver, bizə dəxli yoxdur sən kimə aparıb veribsən. Oğlum pulları Elnar Əsgərova verirdi. 3 il faizlərin pulunu veriblər. Evimdə həmin qeydiyyat kitabları bu gün də var.

0a3456f0-c544-4d10-990b-fab24f1f81ba.jpg (294 KB)

Mən Arif Əsgərovun evindən istintaqa 21 milyon manat pul aparıb vermişəm, orada ziyançəkənlərə ödəyiblər. Deyirdilər ki, aparın borc sahiblərinin pulunu verin. İş üzrə 18 nəfər zərərçəkən vardı. Mənim oğlum onun oğlu ilə birgə işləyiblər. İstintaqda müstəntiqin iştirakı ilə zərərçəkmişlərə pullar ödənildi. 1 metrlik qara dəri çanta vardı, içinə 2-3 milyon yığırdılar, yoldaşımla mənim həmin çantaya gücümüz çatmırdı. Sürüyüb aparırdıq. İndi isə Arif Əsgərovun oğlu Elnar Əsgərov deyir ki, sənin uşaqların mənim adımdan istifadə edib pul götürüblər. Bütün Tovuz rayonu bilir ki, mən halalla dolanan adamam. Atam da belə olub.

def60255-2fa6-4ae0-bcc3-5dc30c3fe7fd.jpg (295 KB)

Məndə 21 milyon manat haradan ola bilərdi? Mənim cəmi nəslimdə o qədər pul olmayıb. Mənin 8 min 600 qoyunum, 500 iribuynuzlu malım olub. Ulu öndər o vaxt sərgidə mənim fermamın məhsullarını görmüşdü, ondan sonra mənə kredit verildi. ”Azərbaycan Dəmir Yol” bankı vasitəsi ilə mənə 100 min manat kredit verdirdi, işimi böyütdüm. Yəni məndə milyonla pul olmayıb. Mənim övladlarımı tutdurmaq üçün 2 nəfərin pulunu qəsdən ödəmədilər. Biri Qoşqar Zeynalov idi, bir də iş adamı Emin Kərim oğlu Məmmədovdur. Onu balaca oğlumda saxlayıb ödəmədilər, bunu da böyük oğlumun işində saxlayıb pulu ödəmədilər. Bu gün 3 milyon yarım pulu ödəməyiblər. Həmin pulu ona görə ödəmədilər ki, oğlanlarım həbs olunsun. Həmin pulları ödədikləri günlərdə məni çağırırdılar, deyirdilər ki, səs-küy salma, pullar ödənəcək. Həmin vaxt bu məsələ qalxanda Emini Astanaya, Rahibi isə Türkiyəyə göndərdilər. Rahibi Türkiyədə, İstanbulda meşənin içində bir ev tutub orada saxladılar. Rahib Türkiyədə olandan mənə xəbər gəldi ki, oğlunu orada öldürəcəklər. Orada oğlumun yanına adamlar qoymuşdular. Həmin adamlardan biri “Viano” markalı maşın sürürdü. Onu tanıyırdım. Çünki Arif Əsgərovun ortancıl oğlunun toyunda görmüşdüm. Oğlumu ora aparmışdılar ki, başını əskinlər”.

d01cb8c5-297b-44f4-93b0-415b202df272.jpg (103 KB)

İ.Hüseynov deyir ki, sonradan oğlunu Azərbaycana qaytarıb həbs etdiriblər: “Oğlumu ”Qırmızı Körpü”də saxladılar. Məlum oldu ki, Elnar Əsgərovun sürücüsü Əliyə şikayət yazdırıblar. Guya oğlum ondan 50 min manat pul alıb və qaytarmayıb. Elnar Əsgərovun sürücüsü niyə oğluma pul verməli idi? Mirqafar Seyidov dedi ki, mən bu işi ədalətlə aparacağam. Elə də etdi. Arif Əsgərovu Daxili İşlər Nazirliyinə çağırdılar. Dedilər ki, bir adama 1000 manat pul verəndə sənədə qol çəkdirirlər. 5-10 milyon manat oyuncaqdır kı, vermisiz? Arif Əsgərov demişdi ki, aydındır. Ondan sonra ödəmə başladı. Müstəntiqin yanına pulları aparırdıq. Seyf pulla dolurdu. Şikayətçiləri çağırırdılar, pulu ödəyirdilər. Şikayətçi, müstəntiq, yoldaşım və mən protokolu imzalayırdıq. Bu gün Elnar Əsgərov deyir ki, guya pullar bizim olub, aparıb ödəmişik. Bu qədər vicdansızlıq olmaz. Bütün Tovuz rayonu bilir ki, mənim gücüm 3-5 min manata çatar. Milyon məndə haradandır ki, aparıb borc verim”.

e39e045b-18ce-49e2-ade4-bd3df8714fac.jpg (139 KB)

İsmayıl Hüseynov oğlunun həbsdə öldürüləcəyini deyir: “Rahib Hüseynova deyib ki, sənə bayırda toxuna bilmirik, içəridə başına oyun açacağıq. Rahib mənə deyib ki, içəridə məni öldürəcəklər. Arif Əsgərovun bu işlərin 70-80 faizindən xəbəri yoxdur. Bu işlərin başında onun oğlu dayanır. Yoldaşı dayanır. Onun oğlu Elnar İngiltərədə oxuyanda nə oyunlar açıbsa, bu gün də həmin oyunların başqa formasını davam edir. O vaxt ərəbi özünün yerinə imtahana salmışdı. 2 milyon pul verib qurtardılar. O vaxt 2 milyonu ödəyəndə Arif Əsgərovun xəbəri yox idi. Ərəbə də pul verib yola saldılar. Bu gün Qoşqarın pulunu qəsdən vermirlər. Ona 1 milyon 800 min manat borcları var. 5 milyona qədər pul almışdılar ondan. Qalanını qaytarıblar. Elnar Əsgərov Ziya Məmmədovun oğlu Anar Məmmədovla iş görürdülər. Tikinti də edirdlər, atalarından pul alırdılar. Dəmir yolunun təchizatı işi ilə məşğul olurdular. Oğlum da qeydiyyat aparıb. Kitablar da evdədir. Mən danmıram ki, onların işlərindən pul verirdilər. Bu gün Elnar deyir ki, xalam da, xalamın yoldaşı da dələduzdurlar. Elnar dələduzluğa İngiltərədə başlayıb. Bu gün də davam edir”.

İ.Hüseynov deyir ki, övladlarına qarşı ittihamlarla razı deyillər, iş üzrə yenidən istintaq aparılmasını, bu işlərin başında dayanan şəxsin istintaqa cəlb olunmasını tələb edirlər.

Qeyd: Redaksiya yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırdır.