90 GÜNLÜK “ATƏŞKƏS” – Trampla Si Çzinpin ilkin razılıq əldə edə bildilər

Donald Tramp özünün Çinlə olan uzunmüddətli qarşıdurmasında bir addım geri atıb. Belə ki, ABŞ prezidenti 2019-cu il 1 yanvar tarixindən Çin məhsullarına tarif rüsumlarının yüksəldilməsini planlaşdırırdı. ABŞ və Çin liderləri Buenos-Ayresdə keçirilən “G-20” zirvəsi zamanı iki saatdan artıq çəkən nahar yeməyi arxasındakı danışıqlardan sonra razılığa gəliblər.

Tramp və Si Çzinpin razılaşıblar ki, Çinin sənaye siyasəti, Amerikan texnologiyalarının Çində məcburi lisenziya etdirilməsi, kommersiya sirlərinin oğurlanması və gömrük-tarif sferasından kənar ticarət baryerləri ilə bağlı məsələlər üzrə danışıqlar aparmağa başlasınlar. Tramp Vaşinqtona qayıdan zaman təyyarədə deyib: “Bu ABŞ və Çinə geniş imkanlar təqdim edən məhsuldar görüş idi. Prezident Si Çzinpinlə işləmək mənim üçün çox xoşdur”.

Trampın Çinə qarşı münasibətini yumşaltmasına baxmayaraq, o, ticarətlə bağlı kifayət qədər sərt bəyanat verib. Deyib ki, azad ticarətlə bağlı Şimali Amerika Müqaviləsinə son qoyacaq. Bu müqaviləni ABŞ, Meksika və Kanada Müqaviləsi əvəzləyəcək (United States-Mexico-Canada Agreement və ya USMCA).

ABŞ və Çin arasındakı ticarət müharibəsində müvəqqəti barışıq ona imkan verib ki, tərəflər arasındakı ən mürəkkəb məsələlər iki ölkə nümayəndələrinin gələcək görüşlərində müzakirə olunsun. Onlar bu müzakirələr zamanı öncəki görüşlərdə razılığa gələ bilmədikləri mübahisəli məsələlərə yenidən baxacaqlar. Və bütün bunların hamısına 90 gün vaxt ayrılıb.

Əgər tariflər məsələsində razılaşa bilməsələr, Tramp özünün əvvəlki planının reallaşdırılmasını davam etdirəcək. Həmin plana əsasən 200 milyard dollar həcmindəki Çin mallarına 10%-dən 25%-dək gömrük rüsumu qoyulmalıdır. Trampla Si Çzinpinin görüşündən öncə bu tariflər 2019-cu ilin 1 yanvar tarixindən yüksəldiləcəkdi.

Prezident Tramp həmçinin bütün Çin mallarına tarif tətbiq olunacağı xəbərdarlığını da edib, yəni burada əlavə 270 milyard dollar dəyərindəki mallara rüsumun tətbiq olunmasından söhbət gedir. Bəzi analitiklərin sözərinə görə, bu danışıqlar Şimalı Koreya nüvə proqramı ilə bağlı məsələdə əhəmiyyətli tərəqqiyə nail olmağa imkan verib.

ABŞ administrasiyasının məsləhətləşmələr apardığı “Amerika Sahibkarlar İnstitutu”ndan (American Enterprise Institute) Çin üzrə mütəxəssis Derek Sizors deyib: “Biz ənənəvi ticarət məsələlərində bir neçə il bundan öncə durduğumuz nöqtədə dayanmışıq”.

“Capital Ecnomic” konsaltinq şirkətinın iqtisadçısı Pol Eşvort öz müştərilərinə ünvanladığı sənəddə qeyd edib: “Biz artıq bunu keçmişik… Çin indikindən daha çox şey təklif etməlidir, onun hazırkı güzəştləri xeyli azdır”.

Hərçənd ki, Buenos-Ayresdəki ümumi diqqət mərkəzində Tramp və Si Çzinpinin görüşü dayanmışdı, amma iqtisadi inkişaf, maliyyə və ticarət sahələrində “Böyük İyirmilik” ölkələri liderlərinin ambisiyalarını uzlaşdıran yekun mətndə razılaşma əldə olundu.

Adının hallanmasını istəməyən Amerika administarsiyasının yüksək səviyyəli məmurunun sözlərinə görə, bu kommunike ABŞ-ın bir çox mühüm məqsədlərinə uyğun gəlir, əsasən də “Ümumdünya Ticarət Təşkilatı”nın islahata məruz qalması məsələsində. Lakin iqlim dəyişikliyi ilə əlaqədar məsələdə ABŞ tənha qalıb. Belə ki, digər 19 ölkə qlobal istiləşməyə qarşı mübarizə üçün Paris iqlim müqaviləsinin şərtlərinə riayət edəcəklərini bildiriblər.

“Böyük İyirmiliyin” liderləri həmçinin qlobal ticarət sisteminin öz tapşırıqlarını yerinə yetirə bilməməsi məsələsində yekdil fikirdədirlər və Yaponiyada keçiriləcək növbəti sammitdə bu xüsusda yenidənqurma layihəsinə baxılmasında razılığa gəliblər.

Lakin ümumi diqqət mərkəzində yalnız ABŞ və Çin münasibətləri dururdu. ”Prinston Universiteti”ndən olan Çin üzrə ekspert və keçmiş vitse-prezident Dik Çeyninin xarici siyasət üzrə məsləhətçisi olmuş Aaron Fridberqin sözlərinə görə, bu, prezident Riçard Nikson və Çin lideri Mao Tzedunun 1972-ci ildə keçirdikləri görüşdən bu tərəfə ABŞ və Çin əlaqələrinin yalnız liderlərdən asılı olduğu ilk hadisədir.

Fridberq deyib: “Onların hər ikisi özünü ölkələrinin maraqlarını qoruyan güclü şəxslər kimi göstərirlər. Nə Tramp, nə də Si Çzinpin zəif görünmək istəmirlər ki, bu da kompromis ehtimalını azaldır, ancaq onlar həm də istəmirlər ki, ölkələr arasındakı münasibətlərin tamamilə pozulmasında ittiham olunsunlar”.

Tramp və Si Çzinpin 2017-ci ilin aprelində Amerika prezidentinin Floridadakı rezidensiyasında və 2017-ci ilin noyabrında Pekində görüşmüşdülər.

Tramp ümumi dəyəri 253 milyard dollar olan Çin mallarına tarif tətbiq edəndə, ticarət münaqişəsi maliyyə bazarlarını çalxalayaraq, qlobal tədarük zəncirinin işində pozuntular yaradıb. Tarif rüsumları tətbiq olunan Çin malları içərisində polad, sənayə məhsuları, mebel, elektrik avadanlıqları və sairə var.

Çin məmurlarını qəfildən yaxalayan ABŞ-ın bu cür aqressiv hərəkətlərinə qarşı onlar Amerikanın Çinə ixrac etdiyi soya paxlası, avtomobillər və sıxılmış təbii qaz kimi mallara gömrük tarifləri tətbiq etməyə başladılar.
Onu da deyək ki, Tramp və Si Çzinpin bu ticarət münaqişəsinin qlobal iqtisadiyyatı daha da zəiflədə biləcəyi narahatlığının artması fonunda görüşüblər. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard bidirib ki, ticarət sahəsindəki gərginlik dünya iqtisadiyyatına neqativ təsir edir və bu iqtisadi böyümənin ləngiməsi ehtimalını artırır.

(“The Washington Post”-ABŞ)

Tərcümə azpolitika.info-nundur