İrəvan bu dəfə Lukaşenkonu təkzib etdi – KTMT məsələsi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan ermənistanlı baş katibi Yuri Xaçaturovun yerinə hansı ölkənin nümayəndəsinin gətiriləcəyi ilə bağlı məsələ hələ həllini tapmayıb.
Reportyor.az  xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyan “Facebook”dakı səhifəsində bildirib. Bununla da, İrəvan Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən gün Sankt-Peterburqda səsləndirdiyi bəyanatını təkzib edib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi həll olunmayıb” – Yeqonyan yazıb.

Qeyd edək ki, Lukaşenko dünən Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub: “Bugünkü görüşlərdə, prinsipcə, baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Abişoviç (Qazaxıstan prezidenti Nursultan Nazarbayev) də demişdi. Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar.”