Şirkət rəhbəri işçisini bağışladı, hakim razılaşmadı – mərmər daş satan və şirkətə ödəniş etməyən şəxsin işi

Çalışdığı şirkətin pulunu mənimsəyən şəxs hakim qarşısına çıxarılıb.

Reportyor.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda göstərilir ki, “Vedişiraz” MMC-nin məsul şəxsi Bayram Əliyev şirkətin 56 min 900 manat pulunu mənimsəyib. Belə ki, o, şirkətin anbarında olan mərmər daşları satıb, lakin pulunu MMC-yə ödəməyib.

Elan olunmuş ittihamla özünü təqsirli bilən B.Əliyev söyləyib ki, məbləğ qeyd edilən qədər deyil. O deyib ki, MMC-yə 14 min 800 manat borcu qalıb.

“Qalan məbləği də şirkət rəhbərinin evində iş görüb, həll etmişəm. Rusiyadan mərmər daşları gətirmişdik. Satıb pulunu da Əliheydər müəllimə vermişəm. Səhvim isə odur ki, pulu rəhbərliyə verəndə qəbzlər almamışam. Əliheydər müəllimə 69 min manat pul ödəmişəm. Artıq məsələ aramızda həll olunub”- deyə təqsirləndirilən şəxs əlavə edib.

Məhkəmənin davamında “Vedişiraz” MMC-nin rəhbəri Əliheydər Heydərli də şahid qismində dindirilib. O deyib ki, Rusiyadan mərmər daşlarının alınması üçün 55 min dollar pul ödəyib. O söyləyib ki, B.Əliyev satdığı mərmərin pulunu şirkətə ödəməyib.

Əliheydər Heydərli qeyd edib ki, təqsirləndirilən şəxsi bağışlayır. Hakim isə şirkət rəhbərinə xatırladıb ki, cinayət işində adı şahid qismində keçdiyi üçün təqsirləndirilən şəxsi bağışlaya bilməz.

Ə.Heydərli rəhbəri olduğu şirkətin nümayəndəsi tərəfindən məhkəməyə barışıq ərizəsi təqdim ediləcəyini deyib.

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti məhkəmə iclası yanvarın 11-nə təyin edilib./musavat.com/