Sabiq icra başçısı və AXCP üzvlərinin məhkəməsi oldu – SAXLANILANLAR VAR

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli hakim qarşısına çıxarılıb. Bu iş üzrə daha 3 nəfər həbs edilən şəxs var. Onlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir.

Təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutub.

Təqsirləndirilən şəxslər AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlidir.

Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 1997-ci ildən Rusiyada yaşayıb və bizneslə məşğul olub.

Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub. Həmin ilin mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də saxlanıblar.

Təqsirləndirilən şəxslərə qarşı qanunsuz sahibkarlıq, pul vəsaitlərini qanunsuz leqallaşdırma və digər maddələrlə ilə təqsirləndirilirlər.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

Məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdiriləcək.

Prosesdə iştirak etmək üçün məhkəmə önünə toplaşan, lakin zalda yer olmadığı üçün məhkəmə binasına buraxılmayan şəxslərdən bir neçəsi saxlanılıb.

Polis əməkdaşları onlardan ərazini tərk etmələrini tələb edib. Bundan sonra bir neçə nəfər saxlanılaraq post-patrul xidmətinin maşınları ilə polis bölməsinə aparılıb.