“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

“AzerGold” QSC-də Səhmdar Cəmiyyətinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə üzrə uyğunluğun təmin edilməsi” mövzusunda maarifləndirmə seminarı keçirilib.
Seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində təşkil olunub. Antikorrupsiya davranış modelinin formalaşdırılması və bu sahədə savadlılığın artırılması, korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məqsədilə keçirilən seminarda Cəmiyyətin aparatında çalışan və bütün struktur bölmələri təmsil edən əməkdaşlar iştirak edib.
Seminar zamanı təlimçilər tərəfindən "AzerGold" QSC-nin Korrupsiyaya qarşı mübarizəyə dair siyasəti əməkdaşların diqqətinə çatdırılıb, eləcə də korrupsiyanın mənfi təsirləri, onunla mübarizənin vacibliyi və effektiv üsulları barədə ətraflı məlumatlar verilib, yerli və beynəlxalq təcrübələrə əsaslanan nümunələr əsasında müzakirələr aparılıb. Seminar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs olunub, gələcəkdə icrası nəzərdə tutulan tədbirlər haqqında danışılıb. Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, seminar sual-cavab formatında davam etdirilib.

Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 15:46