Penitensiar Xidmət əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə üzrə təlim keçirilib

İyunun 25-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində xidmətin zabit əməkdaşları üçün maarifləndirici seminar-məşğələ təşkil olunub.
Reportyor.az xəbər verir ki, tədbir korrupsiya hüquqpozmalarının qarşısının alınması, şəffaf idarəçilik və peşə etikası sahəsində bilik və bacarıqların artırılmasına xidmət edib.
Seminar-məşğələni Penitensiar xidmətin rəis müavini Orxan Qasımov açaraq korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamət olduğunu, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirə dəvət olunmuş “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının işçi qrupunun üzvü Əliməmməd Nuriyev çıxış edib. O, “Korrupsiya hüquqpozmaları və bu hüquqpozmalara görə məsuliyyət” mövzusunda geniş təlim keçirərək, mövcud qanunvericiliyin tələblərini, beynəlxalq öhdəlikləri və korrupsiya risklərinin qarşısının alınması mexanizmlərini izah edib.


Təlim interaktiv formatda təşkil olunub, iştirakçı əməkdaşların çoxsaylı sualları ətraflı cavablandırılıb. Diskussiya zamanı korrupsiyanın qarşısının alınması məqsədilə penitensiar xidmətdə şəffaf və açıq idarəetmə mühitinin gücləndirilməsi, daxili nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması və ictimai nəzarətin əhəmiyyəti vurğulanıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti korrupsiyaya qarşı ardıcıl mübarizəni və əməkdaşların etik davranış sahəsində biliklərinin davamlı təkmilləşdirilməsini gələcəkdə də prioritet istiqamət kimi müəyyən edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-06-2025, 19:23