Dönər alarkən nəyə diqqət edək?

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
İlk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır.
Qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir.
AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak edilməlidir.
İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər.
Daha ətraflı məlumatlar üçün videoçarxı izləyə bilərsiniz.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Dünən, 10:27