mobil versiya

İctimai iaşə obyektlərində qida məhsullarına dair tələblərə əməl edilməlidir



İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl edilməli, o cümlədən qida məhsullarına dair tələblər yerinə yetirilməlidir. 

Bu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda öz əksini tapıb.
Məlumatda bildirilir ki, ictimai iaşə obyektlərində insan istehlakı üçün yararsız olan, habelə parazitlər, patogen mikroorqanizmlər, kənar maddələr və ya toksinlərlə çirklənmiş, sanitar-gigiyenik normalara uyğun olmayan qida məhsullarının qəbulu, istehsalı və emalı qətiyyətlə yolverilməzdir. Həmçinin qida məhsullarında çarpaz çirklənmənin qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Digər tədbirlərlə yanaşı, ət və ət məhsulları, balıq əti və balıqçılıq məhsulları, tərəvəz kimi qida məhsullarının istehsalı ilə soyuq qəlyanaltılar da daxil olmaqla, məhsulların emalı bir-birindən izolə edilmiş ayrı sahələrdə həyata keçirilməli və ya ayrı-ayrılıqda təşkil olunmalıdır. Qida məhsulları döşəmə, tavan və divarla təmas etməməlidir. Qida məhsullarının müvafiq şəraitdə saxlanması üçün temperatur və rütubətə nəzarət olunmalıdır. Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, çirklənmədən qorunmalıdır.

Qida məhsullarının daşınması keyfiyyətin və təhlükəsizliyin qorunması tam təmin edilən şəraitdə aparılmalıdır. Tez xarab olan məhsullar (istehsal və ya emal edildikdən sonra 30 günə qədər yararlılıq müddəti olan) yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalıdır. Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir. Qida məhsullarının yararlılıq müddətinə nəzarət olunmalı və saxlanma yerlərində “İlk girən-ilk çıxar (FIFO)” prinsipinə uyğun hərəkət edilməlidir. Dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır.

Bu qaydalara əməl edilmədikdə, bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb olar.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-09-2024, 10:23