Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirmə işlərinin miqyası genişləndirilib
Ölkə ərazisində istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, həmçinin qida məhsullarının emalı və çatdırılması xidmətlərinin qida təhlükəsizliyi tələblərinə uyğun təşkili istiqamətində maarifləndirmə işlərinin miqyası genişləndirilib.
Həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində, keytrinq xidməti göstərən müəssisələrdə qida ilə düzgün davranış qaydalarına həsr olunan maarifləndirici videoçarxlar hazırlanıb. “Qida məhsullarının hazırlanması və çatdırılması xidmətlərinə dair tələblər” adlı videoçarxda ictimai iaşə müəssisələrində məhsulların təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim edilməsi üçün əməl edilməsi zəruri qaydalar haqqında ətraflı məlumat verilib.
Videoçarxda qeyd olunub ki, əvvəlcədən qida obyektində xammalın qəbulu üçün xüsusi sahə ayrılmalı, xammalların çirklənmədən maksimum dərəcədə mühafizə olunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanılmalıdır. Eyni zamanda istifadə olunan alət və ləvazimatlar təyinatına görə ayrılmalıdır. Həmçinin iş prosesi zamanı əmələ gələn tullantılar ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarına yığılmalı və iş gününün sonunda həmin tullantılar çirklənmə riski yaratmadan qida obyektindən kənarlaşdırılmalıdır.
Bundan başqa, videoçarxda sözügedən qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmələrin, insan həyat və sağlamlığı üçün risklərin yarana biləcəyi də vurğulanıb.
AQTA tərəfindən hazırlanan “Qida məhsullarının hazırlanması və çatdırılması xidmətlərinə dair tələblər” adlı maarifləndirici videoçarxla aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=agf6hzieDAU
KARUSEL / CƏMİYYƏT
Tarix: 11-09-2024, 10:05