İctimai iaşə obyektlərində çalışanlar bir sıra qaydalara əməl etməlidir - AQTA
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl edilməli, o cümlədən işçi heyətinə dair tələblər yerinə yetirilməlidir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.
Qida məhsulları ilə təmasda olan işçilər icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb edilməlidir. İctimai iaşə obyektlərində çalışan hər bir şəxs gigiyena qaydalarına riayət etməli, təmiz, müvafiq iş geyimi və digər mühafizə vasitələri (əlcək, maska, saç toru və ya örtüyü, xalat, önlük) ilə təmin olunmalıdır. Çirklənmənin qarşısının alınması məqsədilə həmin geyim və vasitələr müvafiq qaydada istifadə edilməlidir. Qida məhsullarının istehsal olunduğu, emal edildiyi və saxlandığı yerlərdə qidalanma həyata keçirilməməli, tütün və tütün məmulatlarından (siqaretlər və s.) istifadə olunmamalıdır. Həmçinin belə yerlərdə şəxsi əşyalar və geyimlər saxlanılmamalı, aksesuarlardan istifadə edilməməlidir.
Xəstəliyi qida vasitəsilə keçə bilən və ya belə xəstəlik daşıyıcısı olan, yaxud infeksiyalı yaralar, dəri infeksiyaları və s. bu kimi şikayətləri olan şəxslərin hər hansı bir formada birbaşa, yaxud dolayısıyla qida ilə təmasının, o cümlədən qida istehsalı və emalı sahəsinə daxil olmasının qarşısı alınmalıdır. İşçi heyətinin qanunvericiliyə uyğun dövri olaraq və şübhəli hallarda tibbi müayinədən keçməsi təmin edilməlidir.
Bu qaydalara əməl olunmadıqda, bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün arzuolunmaz hadisələrə səbəb ola bilər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-09-2024, 13:10