AQTA: "İctimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara ciddi şəkildə əməl olunmalıdır"
"İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl olunmalıdır. İlk növbədə ictimai iaşə obyektində sanitar-gigiyenik normalar gözlənilməli, iş prosesini əhatə edən bloklar təmiz və texniki işlək vəziyyətdə saxlanılmalıdır. Döşəmə, tavan və divar səthləri hamar, təmirli, asan təmizlənə bilən olmalı və müntəzəm dezinfeksiya işlərinin aparılması təmin edilməlidir. Həmçinin döşəmə, tavan və divar səthlərində su keçirməyən, su hopdurmayan, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qeyri-toksik materiallardan istifadə edilməlidir".
Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı bəyatanta əks olunub.
İctimai iaşə obyektləri müvafiq qaydada yerləşdirilmiş havalandırma sistemlərinə malik olmalıdır. Çirkli zonadan təmiz zonaya hava axınına yol verilməməlidir. Vaxtında havalandırma sistemlərinə texniki baxış keçirilməlidir. Qida məhsullarının saxlandığı, istehsal və emal olunduğu yerlərdə süni işıqlandırma lampaları qoruyucu örtüklə təchiz edilməlidir. Xaricə açılan pəncərələr həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmalıdır. Qida məhsullarının saxlandığı, istehsal və emal olunduğu yerlərə ev heyvanları və zərərvericilərin girişinin qarşısını almaq üçün nəzarət tədbirləri (o cümlədən qanunvericiliyə uyğun dezinseksiya və deratizasiya tədbirləri) həyata keçirilməlidir. Qida məhsullarının çirklənməsinin qarşısının alınması məqsədilə ictimai iaşə obyektləri hər zaman istifadəyə hazır yetərli miqdarda axar məişət (təsərrüfat)-içməli su təminatı və tullantı suların kənarlaşdırılması (kanalizasiya-drenaj) sistemləri ilə təchiz olunmalıdır.
Sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanmalıdır. Əllərin yuyulması üçün sahələr əlyuma çanaqları ilə təchiz olunmalı, həmçinin yuyucu maddələr, dezinfeksiyaedici və gigiyena tələblərinə cavab verən qurutma vasitələri ilə təmin edilməlidir. Qida məhsullarının yuyulduğu çanaqlar əl yuyulan yerlərdən kənarda olmalıdır. Qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar təmiz saxlanılmalı, dezinfeksiya edilməli, çirklənmə hallarının baş verməsinin qarşısını alan materiallardan hazırlanaraq yararlı vəziyyətdə olmalı, təmizlik və dezinfeksiyaya davamlı materiallardan hazırlanmalıdır.
Bu qaydalara əməl olunmadıqda bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün xoşagəlməz hadisələrə səbəb ola bilər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 2-09-2024, 10:19