Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Belə ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq ölkəmizdən xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma (Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri) cinayət əməllərini törətməkdə ittiham edilmiş Rusiya Federasiyasının vətəndaşı Sergey Sergeevin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
Birləşmiş Ərəb Əmirlikləri ilə mövcud olan ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb edilən sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə edilib və Sergey Sergeev ölkəmizə gətirilərək məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:57