"New York Times" məzmun oğurluğu iddiası ilə "Brave" şirkətini məhkəməyə verib

"The New York Times" qəzeti, 11 ildir fəaliyyət göstərən və məxfilik yönümlü brauzer hazırlayan "Brave" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Qəzet şirkəti, müəllif hüquqları ilə qorunan materialları qanunsuz şəkildə əldə etməkdə və onları iddiada adı çəkilən "Anthropic", "Perplexity", "Mistral", "xAI" və "Cohere" kimi şirkətlərə ötürməkdə ittiham edir.
Bazar ertəsi günü qaldırılan başqa bir iddiada isə "Daily News", "Chicago Tribune" və "Orlando Sentinel" nəşrləri də oxşar ittihamlarla çıxış ediblər. Hər iki iddia Manhettendəki federal məhkəməyə təqdim olunub.
Daha əvvəl oxşar iddialarla "OpenAI" və "Perplexity" şirkətlərini məhkəməyə vermiş "The New York Times", "Brave" şirkətini süni intellekt şirkətləri üçün "oğurlanmış, müəllif hüquqları ilə qorunan məzmunun təchizatçısı, alverçisi və paylayıcısı" kimi təsvir edib.
İddia ərizəsində qeyd olunur: "Bu yolla 'Brave' bir tərəfdən naşirlərin məzmununu qanunsuz şəkildə ələ keçirən oğru, digər tərəfdən isə həmin oğurlanmış məzmunu süni intellekt sahəsində fəaliyyət göstərən üçüncü tərəflərə satan vasitəçi kimi çıxış edir".
İddiaya əsasən, "Brave" kimliyi açıqlanmayan xüsusi proqram vasitəsilə 30 milyarddan çox veb-səhifəni əhatə edən bir indeks yaradıb. Bu isə naşirlərin həmin proqramı bloklamaq və ya onun öz məzmunlarına girişinin qarşısını almaq imkanını əllərindən alıb.
Məhkəmə iddiası həmçinin "Brave" brauzerinin istifadəçilərə ödənişli məzmunlara (paywall) və abunəlik tələb edən materiallara maneəsiz daxil olmağa imkan verən funksiyasını, eləcə də şirkətin naşirlərin reklamlarını bloklayıb, əvəzində öz reklamlarını satması təcrübəsini hədəf alır.
Özəl şirkətlərə qoyulan investisiyaları izləyən qurumların məlumatına görə, 2015-ci ildə təsis edilmiş "Brave" indiyədək təxminən 250 milyon dollar məbləğində vəsait cəlb edib.
"The New York Times" məhkəmədən sözügedən fəaliyyətlərin dayandırılması barədə qərar çıxarılmasını və iddia edilən zərərlərə görə maliyyə kompensasiyası ödənilməsini tələb edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:36


























