Avropada bomba təhdidləri səbəbindən daha çox uçuşun marşrutu dəyişdirilib

Cümə axşamı günü bomba təhdidləri daxil olduqdan sonra bir neçə sərnişin təyyarəsinin marşrutu dəyişdirilib.
İlk məlumat günortadan əvvəl "Aer Lingus" şirkətinin Dublindən Romaya uçan reysi ilə bağlı daxil olub.
Fransa Baş nazirinin ofisindən verilən məlumata görə, İrlandiyadan İtaliyaya gedən təyyarənin istiqaməti dəyişdirilərək Fransanın qərbindəki hərbi hava bazasına yönəldilib.
Baş nazir ofisinin açıqlamasına əsasən, təyyarə Normandiyadakı Evrö (Évreux) hərbi bazasına təhlükəsiz şəkildə eniş edib. Təyyarədəki 151 sərnişin və altı heyət üzvünün hamısı təhlükəsizdir; hazırda hərbi istehkamçı qruplar təyyarəni yoxlayırlar.
Baş nazir ofisi vəziyyəti anbaan izlədiyini bildirib. Hələlik əlavə məlumat verilməyib.
Uçuşları izləyən saytların məlumatına görə, "Aer Lingus"un Dublin-Roma reysi Parisə yaxınlaşarkən qəfil istiqamətini dəyişib, bir neçə dövrə vurduqdan sonra Evröyə doğru yönəlib.
Varşavadan Brüssel hava limanına uçan başqa bir təyyarə də şübhəli məlumat alındıqdan sonra təhlükəsiz şəkildə eniş edib. Belçikanın "Le Soir" qəzetinin xəbərinə görə, hava limanı operatoru əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac olmadığını təsdiqləyib.
Hava limanının sözçüsü İhsan Şiua Lexli bildirib: "Brüssel hava limanına uçan bir təyyarə ilə bağlı şübhəli məlumat aldıq". Söhbət Polşanın "LOT Polish Airlines" aviaşirkətinə məxsus, Varşavadan havaya qalxan reysdən gedir.
Bundan əlavə, cümə axşamı günü bomba xəbərdarlığından sonra Helsinkidən Romaya uçan "Finnair" təyyarəsi də hərbi təyyarələrin müşayiəti ilə İtaliya paytaxtındakı Fiumiçino hava limanına təhlükəsiz şəkildə endirilib.
Həmçinin, Milandan Romaya uçan daha bir təyyarəyə qarşı bomba təhdidi olduğu bildirilib.
Rəsmilərin sözlərinə görə, cümə axşamı baş verən bu hadisələr, bu həftə Avropada bir sıra uçuşlara qarşı yönəlmiş yalançı bomba təhdidləri silsiləsinin sonuncusudur. Bu təhdidlər təyyarələrdə axtarışların aparılmasına, marşrutların dəyişdirilməsinə, bir halda isə İtaliya hərbi hava qüvvələri tərəfindən enişə qədər müşayiət olunmağa səbəb olub.
Bu reyslər arasında "LOT Polish Airlines", "Scandinavian Airlines", "Wizz Air" və "Ryanair" şirkətlərinə məxsus təyyarələr olub. Bu yalançı təhdidlər, Bolqarıstana gedən bir təyyarənin havada olarkən aldığı oxşar bomba təhdidi səbəbindən istiqamətinin dəyişdirilərək Macarıstana yönəldilməsindən bir gün sonraya təsadüf edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu cür təhdidlər yeni bir hadisə deyil, lakin geosiyasi gərginliyin artdığı və “pozucu fəaliyyət” əlamətlərinin — məsələn, supermarketlərin soyutma sistemlərinə hücumlar, Avropada dronların müdaxiləsi və xəbərdarlıq tətbiqlərinin sirli şəkildə işə düşməsi kimi halların — müşahidə olunduğu bir dövrə təsadüf edir; üstəlik, səlahiyyətli orqanlar hibrid təhdidlərin geniş yayıldığı barədə xəbərdarlıqlar da edirlər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:18


























