Daşınmaz əmlak artıq təkcə mənzil deyil, investisiya və biznes alətidir - Vüqar Oruc

Azərbaycanın daşınmaz əmlak bazarı mənzil alqı-satqısı ilə məhdudlaşmayan, tikinti, maliyyə, bank, sığorta, şəhərsalma və qiymətləndirmə sektorlarına təsir göstərən geniş iqtisadi ekosistemin bir hissəsinə çevrilir. Bazarda diqqət tədricən tikilən binaların və satış həcminin artırılmasından layihələrin keyfiyyətinə, investisiya səmərəliliyinə, müasir şəhərsalma standartlarına və peşəkar idarəetməyə yönəlir.
Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) fəxri prezidenti, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi yerli bazarın beynəlxalq səviyyədə tanıdılması, yeni investisiyaların cəlb edilməsi və sektor iştirakçıları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Daşınmaz əmlak bazarı iqtisadiyyatın müxtəlif sahələrinə təsir göstərir
V.Oruc qeyd edib ki, daşınmaz əmlak sektoru hazırda yalnız yaşayış sahələrinin təmin edilməsi və mənzil alqı-satqısı istiqaməti kimi qiymətləndirilə bilməz. Bu bazar tikinti, maliyyə, bank, sığorta, şəhərsalma və qiymətləndirmə xidmətləri ilə qarşılıqlı əlaqədə inkişaf edir.
“Daşınmaz əmlak bazarı investisiyaların cəlb olunması, iri maliyyə əməliyyatlarının həyata keçirilməsi və bir sıra iqtisadi sahələrin inkişafı ilə birbaşa bağlıdır. Bu baxımdan, həmin sektoru bütöv iqtisadi ekosistemin bir hissəsi kimi qiymətləndirmək lazımdır. Azərbaycanda investisiya istiqamətlərindən biri məhz daşınmaz əmlakdır. Tikinti və şəhərsalmanın prioritet sahələr sırasında olması da bu bazarın əhəmiyyətini artırır”, – deyə ekspert bildirib.
Onun fikrincə, AIREX 2026 kimi beynəlxalq tədbirlər daşınmaz əmlak bazarının imkanlarını yerli və xarici investorların diqqətinə çatdırmaqla yanaşı, sektorun digər iqtisadi istiqamətlərlə əlaqələrini də genişləndirir.
Daşınmaz əmlak bazarında əsas meyar keyfiyyət və investisiya səmərəliliyidir
AQC sədri hesab edir ki, Azərbaycan daşınmaz əmlak bazarı kəmiyyət artımından keyfiyyət və investisiya səmərəliliyi mərhələsinə keçid edir.
O bildirib ki, əvvəlki dövrlərdə bazarda əsas diqqət tikilən binaların sayına, mənzillərin satış həcminə və yeni layihələrin çoxalmasına yönəlirdisə, hazırda layihələrin keyfiyyəti, müasir standartlara uyğunluğu, infrastruktura təsiri və idarəetmə prinsipləri daha çox əhəmiyyət kəsb edir.
“Artıq yalnız binaların sayının və satış həcminin artması əsas göstərici hesab edilmir. Layihələrin keyfiyyəti, müasir şəhərsalma tələblərinə uyğunluğu, infrastruktur imkanları, təhlükəsizlik, sosial mühit, enerji səmərəliliyi və ekoloji prinsiplər ön plana çıxır. Müasir yaşayış mühiti nəqliyyat əlçatanlığı, sosial infrastruktur və komfort tələbləri ilə birlikdə qiymətləndirilməlidir”, – deyə V.Oruc vurğulayıb.
Ekspertin sözlərinə görə, daşınmaz əmlakın dəyəri və həmin bazarın inkişaf səviyyəsi ölkənin iqtisadi potensialını xarakterizə edən amillərdən biridir. Azərbaycanda son illər bu sahədə müşahidə olunan dəyişikliklər də iqtisadi inkişaf və müasir yanaşmaların tətbiqi ilə əlaqəlidir.
Bakı Baş Planı 2040 daşınmaz əmlak bazarına təsir göstərir
V.Oruc Bakının Baş Planı 2040 çərçivəsində nəzərdə tutulan şəhərsalma dəyişikliklərinin daşınmaz əmlak bazarının gələcək inkişafına təsir edəcəyini bildirib.
Onun sözlərinə görə, istismar müddətini başa vurmuş köhnə yaşayış fondunun yenilənməsi, yeni yaşayış binalarının inşası, parkların və yaşıllıq ərazilərinin salınması, abadlıq işlərinin aparılması paytaxtın şəhər mühitinin dəyişməsində mühüm rol oynayır.
Ekspert qeyd edib ki, bu proseslər zamanı Bakının tarixi və memarlıq xüsusiyyətlərinin qorunması da nəzərə alınmalıdır.
“Şəhərsalma yalnız yeni binaların tikilməsi demək deyil. Burada müasir şəhər modellərinin formalaşdırılması, yaşıllıq ərazilərinin genişləndirilməsi, ictimai məkanların yaradılması, infrastrukturun yenilənməsi və mövcud şəhər mühitinin qorunması da vacibdir. Köhnə mənzil fondunun yenilənməsi ilə yanaşı, Bakının tarixi simasının saxlanılması da diqqətdə olmalıdır”, – deyə o bildirib.
Vüqar Oruc AIREX 2026-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakını daşınmaz əmlak, tikinti və şəhərsalma sahələrinə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsi kimi qiymətləndirib.
Daşınmaz əmlakın idarə edilməsi və qiymətləndirmə sahəsində peşəkarlıq artırılmalıdır
AQC sədri daşınmaz əmlak sektorunun inkişafı üçün mütəxəssislərin hazırlanmasının və peşəkar fəaliyyətin tənzimlənməsinin də vacib olduğunu bildirib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrində daşınmaz əmlakın idarə edilməsi istiqamətində tədrisin təşkili bu sahədə ixtisaslı kadrların hazırlanmasına imkan yarada bilər. Eyni zamanda, əmlak brokerlərinin və digər bazar iştirakçılarının bilik və peşəkarlıq səviyyəsinin artırılması şəffaflığın və hesabatlılığın təmin edilməsi baxımından əhəmiyyətlidir.
“Daşınmaz əmlak bazarında fəaliyyət göstərən mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların müvafiq bilik və bacarıqlara yiyələnməsi vacibdir. Biz Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq bu istiqamətdə təkliflər vermişik və müvafiq maarifləndirmə kurslarının təşkilinə başlamışıq. Məqsəd bazarda şəffaflığın, hesabatlılığın və peşəkar xidmətlərin inkişafına töhfə verməkdir”, – deyə V.Oruc bildirib.
O əlavə edib ki, qiymətləndirmə sektorunda aparılan institusional dəyişikliklər və qanunvericilik yenilikləri də bazarın inkişafına təsir göstərir. AQC-nin bu istiqamətdə təklifləri olub.
Ekspert hesab edir ki, daşınmaz əmlak bazarında əməliyyatların və investisiya marağının artması obyektiv qiymətləndirməyə, peşəkar ekspertizaya və risklərin düzgün hesablanmasına tələbatı artıracaq.
“Bazarın həcmi və investisiya imkanları genişləndikcə daşınmaz əmlakın real dəyərinin müəyyənləşdirilməsi daha vacib olur. Bunun üçün peşəkar qiymətləndiricilərin hazırlanması, onların bilik və bacarıqlarının beynəlxalq, xüsusilə də Avropa standartlarına uyğunlaşdırılması əhəmiyyətlidir”, – deyə o qeyd edib.
Kirayə biznesi daşınmaz əmlakın investisiya əhəmiyyətini artırır
Vüqar Oruc daşınmaz əmlakın Azərbaycanda yalnız yaşayış sahəsi deyil, həm də gəlir əldə etmək üçün istifadə olunan investisiya və biznes alətinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, ölkədə çoxsaylı vətəndaşlar mənzillərini kirayəyə verməklə gəlir əldə edir. Bu istiqamətdə vergi qanunvericiliyində edilən dəyişikliklər də kirayə bazarının inkişafına təsir göstərir.
Ekspertin qeyd etdiyi kimi, yaşayış sahələrinin fiziki şəxslər tərəfindən digər fiziki şəxslərə yaşayış məqsədilə kirayə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsi 2026-cı ildən 14 faizdən 10 faizə endirilib. O, bu dərəcənin gələcəkdə daha da azaldılması ilə bağlı təkliflərinin olduğunu bildirib.
“İstəyimiz odur ki, vətəndaşlar daşınmaz əmlakın kirayəsindən əldə etdikləri gəlirləri rəsmiləşdirməyə və vergiləri ödəməyə daha çox maraq göstərsinlər. Bu baxımdan vergi yükünün optimallaşdırılması və bazarda şəffaflığın artırılması vacibdir”, – deyə V.Oruc əlavə edib.
Brend rezidensiyalar Azərbaycan bazarının beynəlxalq inteqrasiyasını sürətləndirə bilər
Ekspert AIREX 2026-da brend rezidensiyaların və premium yaşayış komplekslərinin təqdim edilməsini də bazarın inkişaf istiqamətlərindən biri kimi qiymətləndirib.
Onun fikrincə, bu cür layihələrin artması Azərbaycanın daşınmaz əmlak bazarının beynəlxalq bazara inteqrasiyasına, yeni memarlıq və dizayn yanaşmalarının tətbiqinə, tikinti keyfiyyətinin yüksəlməsinə şərait yarada bilər.
“Brend rezidensiyaların inkişafı Azərbaycanın daşınmaz əmlak bazarının beynəlxalq miqyasda tanınması baxımından əhəmiyyətlidir. Bu layihələr yeni dizayn və keyfiyyət standartlarının tətbiqinə, bazarda yeni inkişaf istiqamətlərinin formalaşmasına təkan verə bilər”, – deyə o bildirib.
V.Oruc Azərbaycanın coğrafi mövqeyinin, təbii imkanlarının və turizm potensialının daşınmaz əmlak sektorunun investisiya cəlbediciliyini artıran amillər olduğunu qeyd edib. Onun sözlərinə görə, bazarın potensialı yaşayış sahələrinin satışı ilə yanaşı, turizm, kirayə gəlirləri və uzunmüddətli investisiya imkanları baxımından da qiymətləndirilməlidir.
AIREX 2026 yeni investisiya və əməkdaşlıq imkanları yaradır
V.Oruc hesab edir ki, beynəlxalq sərgilər daşınmaz əmlak bazarının inkişafına, xarici investorların ölkəyə marağının artmasına və yerli şirkətlərin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verə bilər.
“Bu sərgi beynəlxalq əlaqələrin qurulması, investisiya imkanlarının təqdim edilməsi, yeni tərəfdaşlıqların yaradılması və bazarın peşəkarlaşması baxımından mühüm platformadır. İnvestisiya qərarları əmlakın növündən, yerləşməsindən, gəlirliliyindən və risklərindən asılıdır. Bu məsələlərin müzakirəsi və investorların düzgün məlumatlandırılması daşınmaz əmlak bazarının inkişafı üçün vacibdir”, – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, AIREX 2026 – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi noyabrın 4–6-da Bakı Ekspo Mərkəzində keçirilir. Sərgidə 47 yerli və 14 xarici olmaqla, ümumilikdə 61 şirkət təmsil olunur. Noyabrın 4-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva sərgi ilə tanış olublar. (Fins.az)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:39


























