Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilib
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-də qəbul edilmiş Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Həbibov Orxan Afiq oğlunun, Şirinov Elcan Akif oğlunun, Süleymanov Zülfüqar Vahid oğlunun, Vəliyev Arif Rasim oğlunun və Səlimov Pərviz Rzavan oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Sadıqov Elmar Nadir oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Elmar Sadıqov Gürcüstan ərazisində saxlanılaraq cari ilin sentyabrın 17-də, digər qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq sentyabrın 23-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 24-09-2024, 12:20