mobil versiya

Xalq artisti, rəqqasə Roza Cəlilova vəfat edib



Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova 97 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Roza Cəlilova 1929-cu il mayın 17-də Qubada dünyaya göz açıb. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il Akademik Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib.

Roza Cəlilovanın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olub. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olub.
Ümumdünya festivallarının və Beynəlxalq müsabiqələrin laureatı olan Roza Cəlilova "Gülüstan" ansamblı ilə bərabər Bakı Dövlət Universiteti nəzdində olan "Sevinc" rəqs ansamblına da rəhbərlik edib.

Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 10:40