“Ot Kökləri və İnsan Təhlükəsizliyi üzrə Qrant Yardımı” proqramının növbəti layihəsi həyata keçirilib

Qobustan rayonunun Qurbançı kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində icra olunan “Qobustan rayonu Qurbançı Kəndində İçməli Su Sisteminin Quraşdırılması” layihəsinin təqdimat mərasimi keçirilib.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Katsuya, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və benefisiar təşkilat olan Qobustan Bələdiyyəsi nümayəndələri iştirak ediblər.
Bu layihənin əsas məqsədi Qobustan Rayonu Qurbançı və Ərəbşahverdi kəndlərində mövcud olan 200 tonluq su hovuzunun təmir edilməsi ilə yanaşı, yeni su hovuzu (60 ton), su nasosu, transformator, su borusu (ümumi uzunluq 6,600 metr), 5 bulaq (tap-stand) ilə təmin olunmuş su sistemini inşa etməklə, kəndlərin su infrastrukturunun təkmilləşdirilməsi və yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu layihədə nəzərdə tutulan su sisteminin inşası, avadanlıqların alınması, quraşdırılması üçün Yaponiya hökuməti 90,000 ABŞ dolları (təqribən 152,100 AZN) məbləğində qrant ayırıb.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı təhsil, səhiyyə, ictimai səhiyyə və digər sahələrdə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin sayı 287 olmaqla, ümumi qrant məbləği 24,255,000 ABŞ dollarını (41,233,000 AZN) ötüb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:47


























