mobil versiya

Cəmil Həsənli Vaşinqtondan çağırış etdi: "2 noyabr mitinqi..."



Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının sədri Cəmil Həsənli Milli Şura və Xalq Cəbhəsi Partiyası rəhbərliyini 2 noyabr mitinqinin təxirə salınması təklifini təcili müzakirə etməyə çağırıb.

"MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək.

Hazırda Milli Şura 19 oktyabr mitinqi ilə ona nail olub ki, Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması və polis zorakılığı artıq bütün dünyanın gündəminə qayıdıb. Həm vaxt vermək, həm də tələb etmək, məqsədyönlü iş aparmaq lazımdır ki, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycan hakimiyyətilə beynəlxalq öhdəliklərini yerinə yetirməklə bağlı ciddi danışıqlar aparsın”, deyə Həsənli öz Facebook səhifəsində yazıb. 

Qaynarinfo xəbər verir ki, Milli Şuranın sədri bir müddətdir ki, Vaşinqtondadır və bir sıra dairələrlə görüşlər keçirir. C.Həsənlinin məhz bu görüşlər sonrası, həm də birbaşa Vaşinqtondan "təcili" qeydi ilə belə bir çağırış etməsi maraqlı suallar doğurur.

Xatırladaq ki, bir sıra müstəqil ekspertlər son aksiyaları hazırda hakimiyyətin apardığı islahatlar nəticəsində küncə sıxılan "köhnələr"in müqaviməti kimi xarakterizə edirdi. Təhlillərə görə, Rusiyaya bağlı olduğu deyilən "köhnə qvardiya" müxalifətdəki dayaqları hesabına hakimiyyətə təzyiq göstərməklə, özlərinin vacibliklərini aşılamağa çalışırlar. Vaşinqtonda keçirdiyi sıx görüşlər sonrası Milli Şura sədrinin bu cür təcili çağırışla çıxış etməsi bu mənada təsadüfi sayıla bilməz. 

Görünür rəsmi Vaşinqton da ölkədə başlayan islahat dalğasını əngəlləməyi hədəfləyən addımların ziyanlı olacağı qənaətindədir və Rusiya kartının təkrar güclənməsini istəmir. 

Digər versiyaya görə, Milli Şura 2 noyabr mitinqinin daha sönük kecərək fiaskoya uğramasından ehtiyat edərək, "nəbz yoxlanışı " edir. 

Mövzu ilə bağlı Cəmil Həsənlinin yaxın saatlarda Vaşinqtonda mətbuat konfransı keçirməsi gözlənilir.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 31-10-2019, 18:49