mobil versiya

Balıq ovuna bu tarixdən icazə veriləcək



Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədilə balıq və digər su bioresurslarının ovuna qoyulan moratorium sentyabrın 1-də başa çatır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.
Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinə və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik.
Əlaqə nömrələri:
Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi
1652
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi
012 433 38 02
012 433 38 12
012 433 38 22.

Reportyor.az




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:48