mobil versiya

Oxu, kasıblığın daşını at




Yadigar Cəfərli

Biz gözümüzü açandan Leninin məşhur kəlamını eşitmişdik: “Oxumaq, oxumaq, yenə də oxumaq”. Sonra Lenin hörmətini itirməyə başlayanda bu kəlam da yavaş-yavaş ortalıqdan çıxdı. Üstəlik, kimsə belə bir yozum verdi ki, sən demə sitat səhv tərcümə edilibmiş.

O, əslində “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” yazıbmış. Mirzə Cəlilin Kefli İsgəndəri deyirdi, hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, oxu, alim ol, amma biri demir ki, oxu adam ol. Əbdülrəhim bəyin Mirzə Səfəri isə kasıb kəndliyə tövsiyə edirdi ki, oğlunu oxutsun, o da klassik şairlərin “Bir dil ki, qəm düçarı ola ağlar, ağlamaz?” kimi gözəl şeirlərindən oxuyub ləzzət aparsın. Nə isə mənbələrə çox baş vurub məsələni mürəkkəbləşdirməyək, yoxsa mətləbdən uzaq düşərik.   

Təhsil almağın fərd və cəmiyyət üçün önəmi barədə indiyə qədər qalaq-qalaq kitablar yazılıb. Mənim üçün bunların hamısından dəyərlisi Həsən bəy Zərdabinin bir dəmirçiyə dediyi sözdür. Dəmirçi oxumaqda çox qabiliyyətli olan, amma yoxsulluqdanmı, ya sadəcə simiclikdənmi təhsilinə pul xərcləmək istəmədiyi oğlunu məktəbdən çıxartmaq niyyətində idi. Həsən bəyin məsləhətini eşitməyə gəlmişdi.

O, dəmirçidən soruşur: 

-De görüm zindanın varmı?
-Əlbəttə var, bəy, zindansız dəmirçi olmaz ki.
-Bəs çəkicin necə?!
-Çəkicim də var.  
-Apar zindanını da, çəkicini də sat, necə olur-olsun övladını oxut.

Zərdabinin bu tövsiyəsi təhsilin xüsusilə aztəminatlı insanların həyatındakı müstəsna rolu barədə ən vacib suala cavab verir. Təhsil nə adam olmaq üçündür, nə də şeir oxuyub ləzzət aparmaq üçün. Təhsil hər şeydən əvvəl kasıblığın daşını atmaqdan ötrüdür. Ya da məsələni belə qoyaq, əgər övladının da gələcəkdə kasıblıqdan əziyyət çəkməsini istəmirsənsə, bütün imkanlarını toparla, ona təhsil ver. 

Bir insan özünün oxumaması, övladının da təhsilinə diqqət yetirməməsi üçün min bir səbəb tapa bilər. Həqiqətən oxumaq həddən artıq əziyyətli, vaxt, əsəb və imkan daxilində pul tələb edən işdir. Heç nə də yox, o səhər tezdən yuxudan oyanıb imtahana getdiyin günləri xatırlayanda, indi də həyəcandan adamın qarnı quruldamağa başlayır.  

Oxumağınsa məqsədi bircədir: kasıblığın daşını atmaq, yaxud malik olduqlarını bir az da artırmaq. Ən kasıb ailənin uşağının da bu məqsədin ardınca düşüb addım-addım irəlilməsi üçün bir az aşağı, bir az yuxarı imkanlar var. Şükür, ən ucqar kəndlərimizdə də ödənişsiz məktəblər fəaliyyət göstərir. Müəllimlər hər gün dərs keçir. Dövlət müəllimlərə əməkhaqqı ödəyir. Dərsliklər şagirdlərə pulsuz verilir. Biliksə bu çevrədən kənarda deyil. Fərdi hazırlıqsız, repetitorsuz, bəlkə bir az çətin başa gələcək. Amma mümkünsüz də olmayacaq. Kitablarla yatıb-duran, oxuyan, öyrənən, təhsilin əziyyətinə qatlaşan, imtahan həyəcanı ilə yuxusu günlərlə ərşə çəkilən hər kəs mütləq bunun bəhrəsini görəcək. 

Bəs bu bəhrə nədir, onu da qulluğunuza ərz edim.
Çalışdığım ABB bu ilin əvvəlində Massaçusets Texnologiyalar İnstitutunun professoru Conatan Qruberin məşhur “Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr edib universitet kitabxanalarına hədiyyə göndərdi. Kitabda təhsilin insan üçün yaratdığı faydalara dair heyrətamiz faktlar var. İndi təkcə birini yazacam, qalanını sonra yadıma salarsınız, bir-bir deyərəm. Hesabınızı götürün ki, araşdırmalara görə, bir insanın təhsilə sərf elədiyi hər 1 il onun əmək haqqının 7-10% artmasına səbəb olur. 

Burada söhbət, əlbəttə, məktəb və universitet illərini toqqada bir dəftərlə yola verməkdən yox, həqiqətən oxumaqdan gedir. Yəni, əgər 15 – 20 il ciddi şəkildə təhsillə məşğul olub özünü inkişaf etdirmisənsə, əmək haqqın da, yaşayış səviyyən də bunu vaxtında etməmiş həmyaşıdlarından bir neçə dəfə yüksək olacaq. Çünki təhsil işçinin məhsuldarlığını yüksəldir. O, peşəkarlığına görə həm daha asan iş tapır, həm də yaxşı əməkhaqqı alır. 

Oxumağın başqa faydaları da var. O, cəmiyyətin ictimai-siyasi həyatında iştirak imkanlarını genişləndirir. Cinayətkarlıq səviyyəsini aşağı salır. Yaxşı təhsil şəxsin özünün də, övladlarının da sağlamlığına müsbət təsir göstərir. Yüksək təhsilli valideynin övladlarının da keyfiyyətli təhsil almaq şansı yuxarı olur. Daha yüksək təhsil insanı narkotik, alkoqol kimi zərərli vərdişlərdən də müəyyən qədər uzaq tutur. 

Bunları xüsusilə yolun başlanğıcında olan gənc nəsil üçün ona görə yazdım ki, bilsinlər: təhsil dünyanın bir ömür boyu çəkiləsi ən çətin, əzab-əziyyətli, amma bir o qədər də gözəl və dəyərli yüküdür.

Nə demişdi Dədə Ələsgər:

Ələstidən bəli dedim, nə xoş kamaldı yüküm,
Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm.
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm.



YAZARLAR
Tarix: 5-09-2021, 20:50