mobil versiya

“Ortakənd” sahəsinin yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb” - Zakir İbrahimov




“Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Ortakənd” qızıl sahəsində isə 2018-2022-ci illər üzrə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib: “İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar aparılır. Yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Hazırda aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi, səmərəli hasilat və emal texnologiyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Çıxarılabilən filizlərin blok modelləri hazırlandıqdan və yüksək çıxım faizli emal texnologiyası müəyyənləşdirildikdən sonra biz texniki-iqtisadi əsaslandırma mərhələsinə başlayacağıq”.

Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” mis-porfir sahəsində ehtiyatlarin qiymətləndirildiyini deyən QSC sədri bu məqsədlə buruqqazma işlərinin həyata keçirildiyini, süxur nümunələrinin laboratiyalara sınaq üçün göndərildiyini bildirib. Həmçinin muxtar respublikada yerləşən “Başkənd” mis və “Nəsirvaz” qızıl təzahürü sahəsində axtarış-qiymətləndirmə mərhələsi üzrə geoloji tədqiqat proseslərinə start verildiyi diqqətə çatdırılıb.

Eyni zamanda Daşkəsən, Göygöl rayonlarında aktiv geoloji tədqiqatların aparıldığını deyən Z.İbrahimov qeyd edib ki, məqsəd hazırda aktiv hasilat fəaliyyəti həyata keçirilən bölgədə istismar müddətinin artırılması, iqtisadi aktivliyin qorunub saxlanılmasıdır: “İqtisadi aktivliyin qorunub saxlanılması bizim fəaliyyətimizin  effektlərindən biridir. Çünki mədənlərin işi böyük sayda işçilərin hesabına təmin edilir.  Sözsüz ki, həmin işçilərin böyük əksəriyyəti də mədənlərin yerləşdiyi bölgələri təmsil edən vətəndaşlardır”.

QSC sədri Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlardan da danışıb: “Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində isə 2022-ci ildə axtarış-qiymətləndirmə işlərinə başlanılıb. Bir müddətdir ki, Kəlbəcər rayonunun şimal-qərb hissəsini əhatə edən “Şorbulaq” qızıl, xrom və civə təzahürləri sahəsində də axtarış-qiymətləndirmə işlərinə başlamışıq. “Şorbulaq” sahəsi Kəlbəcər rayonunun  “Zod” yatağı ilə “Tuxtun” qızıl təzahürü sahəsinin arasında yerləşir. Sahəsi 59 min 322 hektardır. Hazırda minalardan təmizlənmiş 3 min 438 hektar ərazinin hüdudlarında axtarış işləri davam etdirilir”.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-08-2024, 09:06