“AzerGold” QSC-nin sədri: “Qiymətli metalların satış gəliri 1 milyard 292 milyon manatı ötüb”
“Ölkəmizin qeyri-neft sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillərdə qərarlaşmaq, sahə üzrə davamlı iqtisadi inkişafa müsbət təkan vermək məqsədilə “AzerGold” QSC ötən dövrlərdə olduğu kimi, 2024-cü ilin ilk 7 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib”.
Bunu REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Qeyd olunub ki, QSC istismar fəaliyyəti apardığı Daşkəsən rayonunda yerləşən bir hasilat sahəsində yanvar ayından iyuladək 34.7 min unsiya qızıl, 57.7 min unsiya gümüşün hasilatını həyata keçirib: “Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatında 49 % artıma nail olunub”.
Z.İbrahimov bildirib ki, cari ilin ilk 7 ayı ərzində 25.8 min unsiya qızıl, 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl satışında 1% artım qeydə alınıb. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə 19% daha çox olmaqla 103.8 milyon manat gəlir əldə edilib”. İdarə Heyəti sədri əlavə edib ki, 2024-cü il üçün hasilat hədəfimiz ötən illə müqayisədə 10%, satış hədəfimiz 3% artırılaraq, 70 min unsiyaya çatdırılıb: “Bugünədək qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 292 milyon manatı ötüb. Vəsaitin 1 milyard 231 milyon manatını ABŞ dolları ekvivalentində ixrac gəlirləri, 61 milyon manatını isə daxili satışlardan əldə edilmiş gəlirlər təşkil edir”, - deyə Z.İbrahimov qeyd edib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri daha sonra əlavə edib ki, Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. 2016-cı ildə “Çovdar” qızıl yatağında satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablanmışdı. Bu hesabla mədəndə fəaliyyət 2020-ci ildə yekunlaşmalıydı. Lakin biz 2017-ci ildə hasilata başlamaqla yanaşı, uğurlu optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində mədənin satılabilən qızıl ehtiyatını 609 min unsiyaya çatdırdıq. Həmçinin, geoloqlarımız tərəfindən “Çovdar” yatağının cinahlarında “Mərəh” və “Ağyoxuş” yataqlar qrupu kəşf edildi. Eləcə də ötən əsrin 80-ci illərində Göygöl rayonunda potensial filizləşmə zonası kimi müəyyən edilmiş, lakin son dövrlərdə məhz geoloqlarımız tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırıldı. Bununla “Çovdar” və cinah yataqları hesabına ümumi satılabilən qızıl ehtiyatı bazası 4 dəfədən çox artırılmaqla sahənin istismar müddəti 2020-ci ildən 2029-cu ilədək uzadıldı”.
Z.İbrahimov bildirib ki, dağ-mədən fəaliyyəti bərk filiz süxularının hasilatı əsasında qurulub. Bu filizlərin xüsusiyyətlərini nəzərə almaqla biz kəşfiyyat işlərini davamlı olaraq həyata keçiririk. Nəinki hasilatdan əvvəl, hətta hasilat dövründə də biz kəşfiyyatla bağlı fəaliyyətimizi davam etdiririk. Həmin bərk filiz süxurlarının yerin altında hansı istiqamətdə yerləşdiyini təyin edərək, qızıl ehtiyatı balansının optimallaşdırılmasına nail oluruq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-08-2024, 18:36