Qazaxıstanın iqlim təşəbbüsləri Bakıda təqdim olunub
Azərbaycanın aparıcı ADA Universitetində Azərbaycanın dövlət orqanlarının, diplomatik korpusun, biznes dairələrinin nümayəndələrinin, yerli və xarici alimlərin və ekspertlərin iştirakı ilə “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.
Qazaxıstan Səfirliyindən Reportyor.az saytına bildirilib ki, iqlim dəyişikliyi ilə bağlı, o cümlədən kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi sahələrində olan problemlərin birgə həlli müzakirə olunduğu tədbirin təşkilatçıları qismində Azərbaycan Hökuməti, habelə Qazaxıstanın, Macarıstanın və İtaliyanın səfirlikləri çıxış edib.
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında iqlim dəyişikliyi, ətraf mühitin problemləri və su çatışmazlığı ilə bağlı Qazaxıstanda görülən tədbirlər haqqında söz açıb. Qazaxıstanın iqlimlə bağlı beynəlxalq sazişlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində işlədiyi, qəbul olunan dayanıqlı inkişaf məqsədləri isə milli gündəmin ayrılmaz hissələri olduğu qeyd olunub.
Bu kontekstdə A. Bayel vurğulayıb ki, Qazaxıstan, 2030-cu ilədək istixana qazlarının ifrazının 15%-dək azaldılması kimi qəti məqsəd qoyub, ən yaxşı halda isə, beynəlxalq maliyyə institutlarının dəstəyi olacağı təqdirdə ifrazının 2030-cu ilədək 25%-dək azaldılması gözlənilir.
QR-nın Səfiri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ekosistemin və unikal məməlilərin, o cümlədən Xəzər dənizi su itlərinin yaşayış mühitinin qorunması üçün Xəzər dənizinin öz hissəsində ölkə tarixində ilk dəfə mühafizə olunan dəniz ərazisinin yaradılması ilə bağlı təşəbbüsü haqqında söz açıb.
Diplomatın sözlərinə görə, BMT-nin və beynəlxalq təşkilatlarının himayəsi ilə 2026-cı ildə Qazaxıstanda Regional İqlim Sammitinin keçirilməsinə dair Dövlətimizin Başçısının təşəbbüsü də Qazaxıstanın “yaşıl” gündəminin təşviqinin təsdiqidir.
“Eyni zamanda, biz iqlim dəyişikliyi və yaşıl energetikası məsələləri üzrə Mərkəzi Asiya üçün Layihə Ofisini yaradırıq və tərəfdaşlarımızı bu təşəbbüsə dəstək verməyə dəvət edirik”, - deyə, A. Bayel əlavə edib.
Simpozium iştirakçılarına həmçinin Mərkəzi Asiyanın bütün ölkələrinin və ekosistemlərinin maraqlarının nəzərə alınması ilə həyata keçiriləcək Qazaxıstanın Aralın Xilası Beynəlxalq Fondunda sədrliyinin prioritetləri haqqında məlumat verilib. Səfir Qazaxıstanın öz gücü ilə şimali Aralın bərpasında mühüm uğurlara imza atdığını vurğulayıb.
Bakıda qarşıdan gələn BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 mövzusuna toxunaraq, A. Bayel Qazaxıstanın sözügedən tədbirinin məhsuldar keçməsi üçün fəal iştirak edəcəyini bildirib.
Bu kontekstdə o, iştirakçılara detalları qarşıdan gələn COP29 sammitində açıqlanacaq Qazaxıstanın, Azərbaycanın və Özbəkistanın Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya yaşıl elektrik enerjisinin ixracı ilə bağlı birgə iri layihəsi haqqında danışıb.
Salamlama nitqi ilə simpoziumda həmçinin Azərbaycanın Energetika Nazirinin Müavini Elnur Soltanov, Macarıstanın və İtaliyanın Səfirləri Tomaş Torma və Luka di Canfrançesko, universitetin rəhbərliyi çıxış ediblər.
Daha sonra alimlər və ekspertlər su ehtiyatları və iqlimin dəyişikliyi məsələləri üzrə hesabatlarla çıxış ediblər, tələb olunan tədbirlər müzakirə olunub. Qazaxıstandan tədbirdə “Jasıl Damu” SC-nin milli eksperti coğrafiya elmləri doktoru Aleksandr Çeredniçenko çıxış edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-10-2024, 13:40