mobil versiya

Ermənilər Ağdərəyə hərbçilərdən sipər çəkiblər



Eynulla Fətullayev, Ağdam-Papravənd-Qızıl Kəngərli-Mollalar-Əlimədətli-Boyəhmədli-Əliağalı

XXI əsrin Stalinqradını-sınmayan Tərtərin əhalisini düşmən həmin istiqamətdəki Papravənd yüksəkliklərindən atəşə tuturdu.

Hələ Birinci Qarabağ müharibəsi zamanlarından Papravənd mənim üçün hansısa lənətlənmiş sözə çevrilmişdi. Və təkcə ona görə yox ki, Ağdamın şimalında, Ağdərə ilə həmsərhəddə yerləşən bu kənd həmin müharibə dövründə dəfələrlə əldən-ələ keçirdi. Birinci Qarabağ müharibəsinin bütün xronikası 90-cı illərin levitanının-Qarabağ hərbi əməliyyatlar teatrında hər gün dramlar, faciələr və qələbələr haqda xəbərləri çatdıran Şəmistan Əlizamanlının obrazı ilə çuğlaşıb. Və həmin illərdə yeniyetmə kimi mənim yaddaşıma daha bir dəhşətli söz hopmuşdu-Papravənd. Bu ad nəsə kədər, qorxu, ümidsizlik rəmzi idi. Ola bilsin Ağdərə (keçmiş Mardakert) ilə Ağdam arasındakı Papravənd dəhlizinin əhəmiyyəti barədə sadə hərbi həqiqətdən irəli gəlirdi.
Papravənd üzərində tutqun və qorxunc bir ümidsizlik... elə o sözün özündə də
Erməni əsgəri, binokla bax
Papravənd bu iki şəhər arasında qapının açarıdır. Və mən bunu kəndin yanından ötüb keçəndə və ermənilər məskunlaşan sovet qəsəbəsi Mardakertin, -hansı ki, çar Nikolayın və prezident Elçibəyin dövründə Ağdərə adlandırılmışdı,- iki addımlığına gəlib çatanda bir daha dərk elədim.
Papravənddən bu sirli “Ağ dərəyə” möhtəşəm mənzərə açılır. Papravəndin o biri ucundan həmin qəsəbənin hər tərəfi görünür. Tarixin mistikaçıları olan erməni tarixçiləri və alimləri Qarabağın sovet dövründə inkişaf edib şəhərə çevrilmiş iki kəndinin-Stepanakertin və Mardakertin yaxın keçmişindən israrla yayınmağa çalışırlar. Hansı ki, Xankəndi və Ağdərənin “qədim erməni tarixi” vilayətin sovetləşməsinin ağ səhifələrindən başlayır. Axı buralarda şəhər-filan olmayıb, cəmi iki kənd olub ki, orada da tədricən ermənilər məskunlaşıblar.
Papravənd kəndinin çıxışında dayanıram. Aşağıdakı vadidə isə Ağdərədir. Qarşımda açılan gözəl mənzərəni şəhərin girişində qoyulmuş blok-postda dayanmış bir neçə erməni əsgərinin silueti korlayır. Əlbəttə, ermənilərin postlarına qədər Azərbaycan Ordusunun blok-postu yerləşir. Burada əsgərlər tam döyüş təchizatı ilə dayanıblar və bu da məni bir qədər təəccübləndirir. Axı Kəlbəcərin Ağdərə ilə sərhədindəki blok-postlarda silahsız əsgərlər dayanmışdı. Burada isə hər şey qaynardır, müharibənin iyi əvvəlki kimi hər yerdə hiss olunur.
Erməni əsgərləri və onların arxasında "Ağ dərə"
Ağdərə qəsəbəsindən Azərbaycanın nəzarətində olan ərazilərə tərəf Rusiya sülhməramlılarının yük avtomobillərinin karvanı irəliləyir. Komandir maşınında sürücü ilə yanaşı Rusiya zabitinin uniformasını geyinmiş eleqant rus qadını oturub. Əl eləyirəm, ürəyim isə sanki dayanır!...
Müharibə alovunun bürüdüyü bu narahat yerlərdə hələ də vəziyyət həyacanlıdır. Qarabağın ən iri rayonlarından birinin mərkəzinin iki addımlığındayıq.
-Qarşı tərəflə təmas var?- qəfildən blok-postun qarşısında peyda olmağımızdan təəccüblənən və nə baş verdiyini hələ dərk etməyən Azərbaycan əsgərindən soruşuram.
-Onlarla ancaq komandirlər ünsiyyət qurur. Bəs siz kimsiniz?
-Biz? Jurnalistlərik!-mənim cavabım gənc əsgəri lap heyrətləndirir. Axı bizim gəlişimizə qədər burada əsgərlərdən başqa heç kim olmayıb.
Qarşı tərəfdən erməni əsgərlərindən biri binokldan diqqətlə mənə baxır. “Yaxşı ki, snayper tüfənginin optik nişangahından baxmır”,-içimdən gələn səs məni sakitləşdirir.
O vaxt Amazasp idi, indi isə Köçəryan
Budur, artıq iki əsrə yaxındır ki, bu torpaqlarda müharibə gedir. Düz 115 il bundan qabaq görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi bu kənddə reportyor işləyirdi və ilk azərbaycanlı-erməni qarşıdurmasının cinahında baş verənlər haqda yazırdı. Ordubadinin, o cümlədən Papravənddən yazdığı reportyor xronikası sonradan onun “Qanlı illər” adlı parlaq publisistikasının əsasını təşkil etmişdi. Həmin unudulmuş illərdən, ermənilərlə qafqazlı türklər arasında baş vermiş qanlı toqquşmalardan bu yana nə dəyişib? Ordubadinin 1906-cı ildəki reportyor xronikasının səhifələrini vərəqləyəndə başlıca həqiqəti dərk etmiş olursan: hadisələrin xarakteri dəyişməyib. Papravənd yüksəkliyi ilə Ağdərə dərəsi arasında həmin keçilməz uçurum qalır. Və 1906-cı ildə də, 100 il sonra da Papravəndin 400 sakini sona qədər döyüşüb, amma kəndi əldən verməyib, işğalçını yaxına buraxmayıb. Dəyişən isə təkcə adlar idi. O vaxt Amazasp olub, yüz il sonra Köçəryan.
Papravənd Birinci Qarabağ müharibəsi zamanı sona qədər, son damla qanına qədər döyüşüb və Köçəryanın başçılıq etdiyi quldur dəstələri onların müqavimət ruhunu sındıra, azərbaycanlıların kəndini talaya, işğal edə bilməyib. 1993-cü ilin iyununda Bakıda hakimiyyət uğrunda mübarizənin kulminasiya dövrünə qədər. Hakimiyyəti ələ keçirmək üçün Bakıya şığıyan qiyamçı polkovnik Ağdamın müdafiə xəttini boş qoymuşdu. Və Ağdamın şimalındakı 6 kəndi taleyin ümidinə buraxmışdı. Bu da həmin vaxt hələ Azərbaycan Ordusunun əlində olan Ağdərənin, daha sonra Ağdamın özünün işğal edilməsinə gətirib çıxardı. Dəhliz kimin əlindədirsə bu iki şəhər üzərində nəzarət də ona məxsusdur.
Bax, ona görə də Moskva üçtərəfli razılaşmasının əldə olunmasından sonra bu altı kəndin-Papravəndin, Mollaların, Əliağalının, Qızıl Kəngərlinin, Əlimədətlinin və Boyəhmədlinin taleyi məhək daşına çevrilmişdi. Putin, Əliyev və Paşinyan arasında əldə olunmuş razılaşmanın əsasında sovet inzibati-ərazi bölgüsünün reanimasiyası prinsipi dayanırdı. Sovet dövründə, AXC hakimiyyətinə qədər bu altı kənd Ağdam rayonunun tərkibinə daxil olub, bu da dəhliz boyu yerləşən həmin kəndlərin Azərbaycanın nəzarətinə qaytarılmasını qanunauyğun olaraq şərtləndirirdi. İşğalçı administrasiya isə Ağdamla Ağdərə arasındakı bu təbii bağın bütün əhəmiyyətini yaxşı dərk edirdi. Və ona görə də Ağdamın digər kəndlərindən fərqli olaraq işğal illərində məhz bu kəndlərdə geniş məskunlaşma aparılmışdı. Moskva razılaşmasının imzalanmasından dərhal sonra bu kəndlərin taleyi tükdən asılı qaldı. Lakin müharibədə minlərlə qurban verən Ermənistan üzərinə götürdüyü öhdəliklərin və məsuliyyətin ağırlığı atında bu kəndlərdən də çəkilməyə məcbur oldu.
Bu kəndlərdə qanunsuz məskunlaşan və 25 ilə yaxındır yaşayan ermənilər noyabrın sonlarında çıxıb getdilər, özlərindən sonra xarabalıqlar, dağıntılar və yandırılmış evlər qoydular.
Alaq kollarının artıb sildiyi tarix
Hələ bir əsr əvvəl öz reportajlarından birində bu yerlərin gözəlliyini bədii şəkildə təsvir edən Məmməd Səid Ordubadi yazırdı ki, yaşıllıqlar və güllər içərisində itən Papravənddə azsaylı evlərin damını çətinliklə seçmək olur. Lakin bu gün kənddə işğalın dəhşətli izlərini, soyğunçuluğu və qarəti gizlədə bilən nə ağaclar qalıb, nə də kollar. Və minalar döşənmiş xarabalıqlara heç yaxın düşmək də olmur.
Ağdərəyə gedən yol boyu viran qoyulmuş torpaqlardan sanki minillik tarixin lal şahidləri kimi əyilmiş, qorxunc və bədlik saçan baş daşları boylanır.
Yolumuza qorxunc daşlar çıxır
Burada erməni tarixinin heç bir izi yoxdur. Nə bir xaçkar var, nə dini ibadət yeri. Lakin hər yanda ermənilər tərəfindən dağıdılmış orta əsrlər islam sivilzasiyasının izləri görünür.
Bütün Papravənd boyu ağ daşdan tikilmiş orta əsrlər Mavzoleyini saatlarla axtarıram. Mənim yeganə həmsöhbətlərim-hərbçilər və polislər itmiş tarixin izlərinin axtarışında acizdirlər. Az qala min dəfə eyni xəbərdarlığı eşidirəm: “Yoldan kənara çıxmayın, torpaqlar minalarla doludur”. Uzaqdan isə Papravənd piri görünür. Mavzoley də haradasa oralarda olmalıdır. Hələ sovet dövründə arxeoloqlar kənddə bürünc dövrünə aid kurqanlar aşkar etmişdilər.
Ağ daşdan əfsanəvi Mavzoley
Deyəsən, uğur məni haqladı. Çünki XVIII əsrdə tikilmiş məşhur “Başsız məscid”i tapdım. Məscidin tikintisində qırmızı kərpicdən istifadə olunub ki, bu da həmin dövrlərin arxitekturasının tələblərinə uyğun idi. Bərdədən Ağdama qədər hər yerdə tikintidə qırmızı kərpicdən istifadə edərdilər.
Əfsanələrə əsasən bu məscid ruhanilərin tənqidinə səbəb olub. Və son anda inşaatçılar işi tamamlamaqdan vaz keçiblər. Məscidin künbəzi də ona görə tikilməyib. O vaxtdan bəri ona “Başsız məscid” deyirlər. Erməni işğalına qədər məscidin dörd divarı qalırdı. İndi isə cəmi bir divarı salamatdır.
Şeyx Nigar, Şeyx Miriş ağa, Qara Pirim türbələrini isə axtarsam da tapa bilmirəm...
"Başsız Məscid"in salamat qalan divarı
Qarabağ erməniləri ilə dinc evi necə tikmək olar?
Qarabağda hava tez qaralır. Həyat qısadır, Qarabağda isə daha da qısadır. Müharibələrin alovunda qarsıyan kədərli bağlarda həyat aşkar mənasını itirib. Axı burada ölüm və məhrumiyyət hakimdir... Maşının pəncərəsindən alatoran mavi rəng alır, ürəklərdə isə səbəbsiz və qarışıq həyacan var.
Əliağalı kəndinin səhralığına çatırıq. Salamat qalmış divarda yanmayan əlyazma nəzərə çarpır: “Aptek”. Həyat donub. Bir neçə kilometrlikdə həyata oxşar nəsə görmək olur, amma o da Qarabağın hələlik əlimiz çatmayan Əsgəran rayonudur. Kəndin sonundakı dərənin kənarında iki ev durur. Azərbaycanlıların 90-cı illərin əvvəllərində talan edilmiş və dağıdılmış evləri. Və onlarla üzbəüz gəlmə ermənilərin tikdikləri təzə ev var. Qaçqın düşmüş azərbaycanlıların dağıdılmış evləri ilə üzbəüz, yaşamaq üçün yararlı yeni ev. Həmin evdə yaşamış erməni onu bu günlərdə tərk edib və gedib. Biz ki imkan verə bilmərik işıqlı erməni evi azərbaycanlının qonşuluqdakı evi kimi xarabalığa çevrilsin. Ağdərənin Papravənd açarının nəzəriyyəsi də budur. Biz Qarabağ erməniləri ilə birlikdə ev tikməyi öyrənməliyik, dağıtmağı deyil. Ancaq belə işıqlı və təmiz evdə yeni Qarabağ qurmaq olar...
Bir qapı, ancaq iki evə - iki tale, iki dünya
Öz fəlsəfi düşüncələrimə qərq olaraq iki Azərbaycan əsgərinin yolunun üstünə çıxıram. Axı hələ qarşıdakı Boyəhmədli kəndinə də gedib çatmalıyıq.
-Burada xidmət necə gedir? Ermənilər atırlar? - qarşıma çıxan ilk əsgərdən soruşuram.
-Adətən yox. Lakin dünən atışma oldu,-əsgərlərdən biri deyir.
-Sizə atırdılar? - bir qədər təəccüblə soruşuram.
-Yox, atışma qabaqda idi.
- Yeməyə nə verirlər? Ərzaq təminatından razısınız? – birbaşa soruşuram ki, əsl həqiqəti öyrənim. Amma əsgərlər bütün görünüşləri ilə çatışmazlıq yaşamadıqlarını göstərirlər. Onlardan biri Qazax rayonundan, digəri isə Lerikdən çağırılıb.
Biri qazaxdır, biri lerikli... Qarabağ hamımızı birləşdirdi
Ağdam karxanasına möhtəşəm mənzərə açılır. "Bilirsiniz, insanlar bu karxananı necə adlandırırlar? Qasımın karxanası!"- deyə yerli polis bildirir. "Mən isə "Qum karxanası generalları"nı düşünürdüm, - zarafatla cavab verirəm, amma həmsöhbətimin anlayışı ilə qarşılaşmıram. Çünki bu polis pelevinin "P"nəslinin tipik nümayəndələrindən biridir. Onlar isə Corc Amadunu oxumayıblar!..
Ağdamlı "Karyer Qasım" haqda replikalar məni, demək olar ki, unudulmuş dövrə – qasırğalı 90-cı illərə apardı. "Qırmızı direktorlar" dəstəsinin ən zəngin nümayəndələrindən biri - Qasım Kərimov vaxtilə bu daş karxanasının "sahibi" idi. Yenidənqurma isə Sovet “nuvorişlərinə” böyük siyasətə yol açdı. "Karyer Qasım" isə,  onu bütün Azərbaycan üzrə belə çağırırdılar, parlamentin deputatı karyerasını seçdi. 1993-cü ildə, Ağdam işğalından sonra Qasım Kərimov tezliklə dünyasını dəyişdi. Yaxşı insanlar qəlbi vətən itkisini qəbul etməyən bir insanın xatirəsini ehtiramla yad etdilər. Tapançalardan daha dəhşətli olan pis dillər isə Q.Kərimovun Ağdamdakı evinin divarlarına qızıl külçələr basdırdığına inandırmaq istəyirdilər. Və şəhərin işğalı xəbəri o qədər gözlənilməz oldu ki, karyerin sahibi zəhmətlə qazandıqlarını çıxara belə bilmədi... 27 il keçib və kinorejissor Hall Bartlettin və hətta Corc Amadunun varlığından xəbərsiz olan yeni bir nəsil “Karyer Qasım”ın böyüklüyü barədə eşidib...
Qasımı şöhrətləndirən karyer
Kəşfiyyatçıların yanında qonaq
Budur, biz Boyəhmədli kəndinə çatdıq. Bu Azərbaycan kəndinin süqutundan dərhal sonra burada Papravənd dağlarını fəth edənlər – artilleriyaçılar yerləşiblər. Təxminən 25 ildən sonra erməni artilleriyaçıları öz kazarmalarını Azərbaycan artilleriya divizionuna verməli oldular. Kənddə heç bir həyat izi qalmayıb. Müharibə burada həyatı külə döndərib. Nə tarix, nə fəlsəfə, nə də özünəməxsusluq var. Əsgər kazarmasının qoxusu və müharibənin titrəyən kölgəsi...
- Baxmaq olar? Kənd tipli kazarmaya baxmaq maraqlıdır? - bütün həyatı artilleriya mərmilərinin trayektoriyasında keçən təmkinli polkovnik-artilleriyaçıdan soruşuram. Polkovnik bığlarını didişdirir, , amma hər halda icazə verir.
 
Artilleriya kazarması. Erməniləri azərbaycanlılar əvəz ediblər
Elə bir şey yoxdur. Hərbi qulluqçuların yataq və silah otağı. Belə görünür ki, heç kim və heç bir şey bu bığlı insanın rahatlığını poza bilməz. Heç kimə yazmayan polkovnik bir şeyə əmindir: burada erməni kəndlisinin izi itməyib.
Amma bu ölü torpaqda ən abad kənd bəlkə də Qızıl Kəngərli hesab oluna bilər. Kəndə daxil olan Azərbaycan əsgərləri ermənilər tərəfindən əhalinin sıx məskunlaşdığı yeganə kəndin gediş-gəlişi və yaşayış qaydasını dəyişmədilər. Hətta bütün kənd boyu bəzədilmiş erməni simvolikası da toxunulmamış qalıb. Yeni salınmış erməni qəbiristanlığı kimi. Pis səslənir, amma bu kənddə də erməni olmayıb.
Qarabağ ermənilərinin qeyri-müəyyən simvolikası
Salamat qalmış erməni qəbiristanlığı. Plitələrdə güllər də qalıb
Sıx məskunlaşmış kənd - sevinc, gülüş, kədər və göz yaşları, yəni 100-ə yaxın rahat evin insan həyatı ilə dolu olmasıdır. Kənddə hətta taksi dayanacağı da olub. İndi orada Azərbaycan Ordusunun döyüş postu yerləşir.
Erməni taksi dayanacağında Azərbaycan əsgəri peyda oldu
Hətta kənd marketini də saxlayıb bərpa ediblər. Doğrudur, o, indi iyirmi il əvvəl inkişaf etməmiş mini-marketlər sisteminin yaranmasını xatırladan format, görünüş və ad alıb. Market mağaza müdirinin adını daşıyır. Sadəcə və birmənalı: Zahid-market.
- Bəs niyə Zahid-market? Zahid kimdir? - gözlənilmədən mineral su alıcısı görməkdən məmnun qalan piştaxtanın arxasındakı satıcıdan soruşuram. Kənd mağazası ilə bağlı gizli pərdəyə bürünmüş maraqlı detallar ortaya çıxır. Mağazanın sahibi kəndin öncüllərindən biri, keçmiş kəşfiyyatçı Zahid Əliyevdir.
Keçmiş kəşfiyyatçı qonşuluqda yaşayır. Lap yaxında. Biz möhkəm Bərdə şəkəri ilə, yaxşı dəmlənmiş bir fincan Qarabağ çayına qonaq oluruq.
Biz artıq ilk kənd sakininin qonağıyıq. Amma Zahid Əliyevin hekayəsi bizim gözləntilərimizi müəyyən dərəcədə aldadır. Sən demə, Birinci Qarabağ müharibəsində Ağdam döyüşçülərindən biri olan Zahid Əliyev minlərlə ağdamlı kimi artıq böyük şəhərə çevrilmiş Quzanlı qəsəbəsində yaşayır. Və bu kənddə Z. Əliyev yalnız gündəlik çörək pulu qazanır. Axı əmək haqqı alan zabitlər və əsgərlər də boz gündəlik həyatlarını gözəlləşdirmək istəyirlər. Amma indi Zahid Əliyev doğma Ağdama qayıtmaq arzusundadır.
Əsgər Zahidin marketindən alış etdi
Və bu da Zahidin özü
- Şəhəri nə vaxt tərk etdiniz? Sonuncuların sırasında? - köhnə kəşfiyyatçıya, möhkəm ətirli çayı kiçik qurtumlarla içə-içə təxribat xarakterli sual verirəm.
- Əgər Siz bu sualı hər bir ağdamlıya versəniz, cavab özünü çox gözlətməz. Hər kəs deyəcək ki, şəhəri sonuncu tərk edib - Z. Əliyev gülür. – Amma mən şəhəri, həqiqətən də, sonunculardan biri olaraq tərk etdim.
- Doğrudanmı, bizim həmin müharibədə qalib gəlmək üçün heç bir şansımız yox idi? - isti çaydan daha bir fincan xahiş edərək, növbəti kəskin sualı verirəm.
- Yox. Ölkədə idarəetmə böhranı hökm sürürdü. Bizim zəif prezidentimiz var idi. Hamını hakimiyyət uğrunda mübarizə maraqlandırırdı. Belə bir güc ilə məkrli düşməni necə məğlub edə bilərdik? – deyə şəhər uğrunda sona qədər mübarizə aparan döyüşçü ötən günlər haqda danışır. Bu zaman həmsöhbətim fədakar döyüşçülərin– Allahverdi Bağırovun, Cəfərin, Qatır Məmmədin qəhrəmanlıqlarını xatırlayır…
- Amma məni bir məsələ narahat edir. İnsanlar öyrəşdikləri isti yerlərindən Ağdama və digər rayonlara qayıdacaqlarmı? - sonuncu sualım Zahidi hövsələdən çıxarır və o öz haqlı qəzəbini gizlədə bilmir.
- Onların hamısı ağdamlıdır! - otaqda toplaşan insanları göstərir. - Hər biri də Ağdamın xəyalı ilə yaşayır. Siz nə danışırsınız? İnsanlar buraya can atırlar. Ağdamlılar soyuq torpaqda, sığınacaqsız, iş və yaşayış şəraiti olmadan yatmağa hazırdırlar. Ancaq doğma yurdlarına qayıdacaqlar. Bilin ki, buraya təkcə ağdamlılar qayıtmayacaq, ölkənin digər bölgələrindən də insanlar gələcək.
Soyuq torpaqda başımız isti çayla ehtiraslı söhbətə qarışsa da, başa düşürük ki, yolumuza davam etməliyik. Uzun onilliklər ərzində əcdadlarımızın torpağında əzablarla, təhqirlərlə, ayrılıqlarla bu günə qədər baş verənləri kəskin daxili əzablarla izah etmək və göstərmək üçün ...
Zahid Əliyev bizi artırmaya qədər yola salır və "İndi hara?", - deyə soruşur. Gözləri isə elə həmin ağrıları yayır. Heç birimiz Qələbənin dadından həzz ala bilmədik. Hər şey çox qəfil oldu.
– Qarabağ sərhədsiz torpaqdır... – deyə cavabımda bildirirəm. Və Qarabağın dərinliklərinə gedirəm…

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-12-2020, 20:17