mobil versiya

Ağdaşda “Heyva” və “Aqrar biznes” festivalları keçirilib



Ağdaş rayonunda bölgənin kənd təsərrüfatı potensialının və xüsusilə meyvəçiliyin inkişafına dəstək məqsədilə “Heyva festivalı” və “Aqrar biznes festivalı” keçirilib. Tədbir Ağdaş Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd regionun aqroturizm imkanlarının genişləndirilməsi, fermer və sahibkarlar arasında birbaşa əməkdaşlıq mühitinin yaradılması, həmçinin yerli kənd təsərrüfatı məhsullarının tanıdılması və satış imkanlarının artırılması olub.
Tədbirdə Ağdaş rayonunun aqrar sahədə son illərdə əldə etdiyi nailiyyətlər, xüsusilə meyvəçilik istiqamətində görülən işlər barədə məlumat verilib. Ziyarətçilərə bölgədə istehsal olunan ekoloji təmiz məhsullar - təbii şirələr, quru meyvələr və digər ərzaq nümunələri təqdim olunub. Festivalda kənd təsərrüfatı, sənətkarlıq, milli mətbəx, sənaye məhsulları və əl işləri stendləri xüsusi maraqla qarşılanıb.



Açılış mərasimində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qeyd edib ki, dövlətin aqrar sektora göstərdiyi davamlı dəstək və fermerlərin artan fəallığı sayəsində son illərdə rayonda kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin inkişafında mühüm irəliləyişlər əldə olunub. O bildirib ki, aqrar sahədə tətbiq olunan müasir yanaşmalar, texnologiyalar və innovativ təşəbbüslər nəticəsində məhsuldarlıq artır, kənd yerlərində məşğulluq genişlənir və yerli istehsal ixrac potensialı qazanır.
Rəsmi açılışda çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bu il ərzində 11 bölgədə məhsul festivalı keçirilib. Bölgələrdə keçirilən məhsul festivallarının əsas məqsədi aqrar turizm potensialının artırılması, klasterlərin formalaşması və yerli məhsulların tanıdılmasıdır. O qeyd edib ki, məhsul festivalının keçirildiyi bölgələrdə istehsal olunmuş məhsullar “Caspian Agro 2026” beynəlxalq sərgisində stendlərdə nümayiş olunacaq.



Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkası da təşkil olunub. Bu təşəbbüsün məqsədi yerli toxumçuluğun inkişafına dəstək vermək, fermerlərin iqlim şəraitinə uyğun, sertifikatlı və keyfiyyətli toxumlara çıxış imkanlarını artırmaqdır. Yarmarka çərçivəsində yerli toxum istehsalçıları ilə birbaşa əlaqə yaradılıb, fermerlər üçün yeni əməkdaşlıq imkanları müzakirə olunub. Yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vahid stend altında ölkə üzrə sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri təqdim olunub. Tədbir zamanı toxum, gübrə, yeni kənd təsərrüfatı texnologiyaları, müasir suvarma sistemləri sərgilənib, innovativ aqrotexniki həllər və torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi barədə praktiki məlumatlar təqdim edilib. Festival həm də Ağdaş rayonunun aqrar potensialını və aqroturizm imkanlarını nümayiş etdirmək baxımından mühüm platformaya çevrilib.
Qeyd edək ki, cari il ərzində ölkənin müxtəlif regionlarında — Samuxda “Ərik”, Şəmkirdə “Tərəvəz”, Kürdəmirdə “Bostan”, Xaçmazda “Şaftalı”, Masallıda “Düyü və çəltik” və digər festivallar da daxil olmaqla ümumilikdə 11 məhsul festivalı keçirilib. Növbəti tədbirin 29 oktyabr tarixində Balakən rayonunda təşkili nəzərdə tutulur. (Azərtac)





KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 12:34