mobil versiya

Xalça Muzeyində “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılacaq




Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılacaq

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunan sərgi Azərbaycan ənənəvi silahlarının tarixi, texnoloji və bədii inkişafını müasir rəssamların yaradıcılığı vasitəsilə təqdim edəcək.

Sərgidə 26 rəssam və heykəltəraşın müəllifi olduğu 30-a yaxın sənət əsəri nümayiş olunacaq. Mövzuya kompleks yanaşma prinsipi ilə hazırlanmış bu ilk genişmiqyaslı layihə çərçivəsində təqdim edilən əsərlərdə akademik və postmodernist yanaşmaların sintezi, həmçinin klassik miniatür irsinin təsiri duyulur.
Ekspozisiyada kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVI–XIX əsrlərə aid nadir silah nümunələri də təqdim olunacaq. Bu eksponatlar arasında şahzadə Abbas Mirzə Qacar, Nəsrəddin şah Qacar, Səfəvi dövlətinin vilayətlərinin hakimlərindən birinə və Şəki xanına məxsus silahlar yer alacaq. Eyni zamanda Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları sərgilənəcək.
Həmçinin tədbirdə “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı kataloqun təqdimatı keçiriləcək.
Qeyd edək ki, sərgi və muzeyin silah kolleksiyasına həsr olunmuş ilk kataloq Azərbaycan silahşünaslıq irsinin, milli sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı, eləcə də milli-mədəni kimliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən  sərgi 16 noyabr 2025-ci il tarixinədək davam edəcək.

Reportyor.az



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 13:19