“Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq
Yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində “Zamana qalib gələn milli irsimiz” adlı sərgi açılacaq.
Azərbaycan Milli Xalça Muzeyindən bildirilib ki, burada 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim ediləcək. Onlara XVII–XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir. Təqdim olunan əsərlər üzərində muzeyin peşəkar konservatorları, bərpaçı-rəssamları çalışaraq onlara ikinci həyat bəxş ediblər.Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə xalça və digər dekorativ-tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində nüfuzlu elmi mərkəzə çevrilib. Burada son illər milli mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə yüzlərlə eksponat konservasiya olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir.
Qeyd edək ki, “Zamana qalib gələn milli irsimiz” sərgisi çərçivəsində yanvarın 13-də saat 16:00-da tekstil konservasiyası üzrə ustad dərsi də keçiriləcək.
Sərgi yanvarın 21-dək davam edəcək.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-01-2024, 15:33