Səbinə Ağayeva yazır – Azərbaycansayağı evlilik

Bildiyimiz kimi, ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında isə ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.

Bu söz ərəbcədə dayanmaq kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Qısacası, ailə – ər və xanımından, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrədir.

Ailənin müqəddəs olduğu kimsəyə sir deyil və dövlətin kiçik modeli olan bu sistemi qurub idarə etmək asan görünsə də, əslində olduqca mürəkkəb bir prosesdir. Və bu kiçik “dövlət”I idarə etmək üçün bir çox tələb və kriteriyalar tələb olunur. Müasirləşən dünyamızda bir çox dəyərlərlə yanaşı ailə, evlilik kimi anlayışlar da dəyişməkdə, ənənəvi mahiyyətini yeniləməkdədir. Lakin əfsuslar olsun ki, ölkəmizdə bu dəyişiklik müasirlik və müsbət dəyişiklik yönündə yox, tam tərsi istiqamətdə sürət götürməkdədir. Dediklərimə nümunə kimi Avropa və Azərbaycan evliliklərini müqayisə etməklə, cəmiyyətimizdəki neqativ proseslərin mahiyyətinə işıq tutmağa çalışacam.

Öncə Avropadan başlayaq ki, Qərb deyə adlandırdığımız bu məkanda  insanlar üçün evlilik nə anlama gəlir?

İki gənc bir-birini sevir, aylar, illər ötür, bir-birlərini yaxından tanıyırlar, qız sevgilisini aparır evlərinə, valideyinləri ilə tanış edir. Həmçinin oğlan da eyni qaydada sevdiyi qızı yaxınlarına təqdim edir. Sonra romantik bir evlilik təklifi, lap yaxın dostlar qohumlar dəniz kənarında və ya başqa bir gözəl yerdə yerləşən hansısa məkana yığışırlar. Bir az içki və tort, vəssalam, gənclər evləndilər. Heç kim onlara uşağa görə suallar vermir, gənclər gəncliklərini yaşayırlar. Daha sonra uşaq da olur, xoşbəxt və xəyanətsiz evlilik də.

Bəs Azərbaycan durum nə yerdədi, bizlər üçün evlilik nədir?

Oğlan oxuyur və ya əsgərliyə gedib gəlir. Analar dərhal başlayır qız axtarmağa, qohumdan tanışdan tək qaş bir qız tapılır. Qız atası girir faizə cehiz alır. Zırıltı bir toy, nənəmin nənəsinin oğlu da orda olur. Camaaat başlayır toy yiyəsini söyməyə ki, bu kasıbçılıq vaxtında 100 manatı hardan alıb salaq bu toya. Gəlinlə bəy robot kimi daxil olur zala, 6 saat it yiyəsini tanımır və evlilik baş tutur.Bir ay keçən kimi uşaq deyə qaynana və qonşular gəlini çarmıxa çəkirlər. Üstəlik valideyinlər hələ də bu evliliyi müstəqil bir evlilik kimi tanımırlar, hər işə qarışırlar. Bu bir yana, əgər şəxslər bir-birlərini başa düşmürlərsə boşanmaq kimi bir şansları da yoxdur. Qadın boşandısa əxlaqsızmış, kişi isə narkoman.

Fikrimcə, əlavə nəsə deməyə ehtiyac yoxdur…