Vaqif Qarayev yazır – Hər kəs ana dilində oxusa yaxşıdı

Son günlər rus dilində təhsil barədə növbəti ajiotaj yaşanmaqdadı. Rus bölmələrində sıxlıqdı, yer yoxdu. Valideynlər də çox narahatdı, qərar verə bilmirlər.

Hər kəs ana dilində oxusa yaxşıdı. Hər kəs öz dilini mükəmməl bilməlidi, aşağıdan yuxarı, hamı!

Rus dilinə qısqanc yanaşma var. Bəlli səbəblərdən. Amma heç kim bu dildə təhsilə meylin səbəb(lər)inə toxunmur.

Bir millət vəkilimiz deyir ki, əcnəbi dildə təhsil pullu olsun. Düz deyir, amma bəllidir ki, təkcə rus dilini nəzərdə tutur.

Rusca təhsilin əleyhinə olanların əksəriyyəti ingilis dilində oxutmaq istəyir uşaqlarını. Düz edirlər, çünki ingilisdilli areal çox genişdi. Amma pullu edəcəyiksə, ingilis dilində təhsili də pullu edək. Bax burda hamı susacaq.

Ya milli dildə təhsilin keyfiyyəti arzu olunan səviyyəyə çatdırılmalıdı, ya da kim gələcəyini hansı dildə görür o dildə oxusun. Həm də maneəsiz.

Əsas olan ölkəyə, xalqa faydalı olmaqdı. Yoxsa əcnəbi dildə oxuyub ali təhsil aldığı ölkədə qalmaqla fayda verə bilməyəcək övladlarımız!