Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisinin açılışı olub
Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisinin açılışı olub.
Əvvəlcə sərgi haqqında məlumat verilib. Qeyd olunub ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir.
Muzeyin çoxsaylı kolleksiyaları arasında erkən köçəri mədəniyyəti - sak (e.ə.VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri maraq doğurur.
Sərgidə əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatmış qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilir. Skif-Sibir “heyvani” üslubunda şişpapaqlı sakların konusvari baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanan ceyran və xoruz miniatür heykəlcikləri xüsusi əhəmiyyətə malikdir.
Bildirilib ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.
Bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri - şair-filosof Yusif Balasaqunlu, ensiklopedist alim Mahmud Kaşğari və dünya ədəbiyyatının klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir.
Diqqətə çatdırılıb ki, sərgidə nümayiş etdirilən kolleksiyalar Qırğızıstanın qədim dövr sənətkarlarının dünya mədəniyyəti xəzinəsinə verdiyi dəyərli töhfələr haqqında təsəvvür yaradır. Əsrlər boyu təkmilləşdirilmiş ən yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini tapır.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
Sonda Qırğızısıtanın istedadlı rəssamı, modelyer-dizayner Dilbər Aşımbayevanın etno-model kolleksiyası təqdim edilib.
Sərgi və geyim kolleksiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-04-2024, 09:00