Milli Kitabxanada “Özbək ədəbiyyatı guşəsi”nin açılışı olub
Bakıda Özbəkistan mədəniyyəti günləri çərçivəsində avqustun 2-də Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin açılışı olub.
Tədbirdə Özbəkistan və Azərbaycanın mədəniyyət nazirləri iştirak ediblər.
Əvvəlcə qonaqlar "Özbək ədəbiyyatı guşəsi” ilə tanış olublar.
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq, onları kitabxanada görməkdən məmnun olduğunu söyləyib.
Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətindən və həyata keçirilən tədbirlərdən danışıb. O, kitabxananın fondunda mövcud olan özbək ədəbiyyatı və özbək ədəbiyyatına dair Milli Kitabxanada yaradılan daimi guşə haqqında nümayəndə heyətinə məlumat verib.
Tədbir çərçivəsində Milli Kitabxanada özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşri də təqdim olunub.
Qeyd edək ki, avqustun 1-dən 4-dək Bakıda Özbəkistan mədəniyyəti günləri keçirilir. Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda, teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulur.(Azərtac)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-08-2023, 12:46