Ölkəyə gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir
Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.
Bu barədə iqtisadçı-deputat Vüqar Bayramov məlumat verib.
Bildirib ki, gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.
Digər diqqəti çəkən digər məqam Hindistandan gələnlərin sayındakı artımdır. Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar.
Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempini qorunub saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-04-2024, 13:43