Konstitusiya Məhkəməsinin qərarı sosial vəziyyəti gərginləşdirə bilər

                            Banka borcu olanların hüquqi təqibi güclənəcək


 Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 22-də xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərarı faktiki olaraq ölkədə yeni gərginliyin başlanğıcını qoyub. Qeyd edək ki, Plenumun qərarında deyilir ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Plenumun bu qərarını hüquqi dildən sadə dilə keçirsək belə demək olar ki, vətəndaşlar xarici valyuta (ABŞ dolları) ilə götürdükləri kreditləri hazırkı məzənnə ilə qaytarmalıdırlar. Əgər, sabah yeni devalvasiya olacaqsa, bu zaman da vətəndaş yeni məzənnə ilə pul ödəməlidir. Konstitusiya Məhkəməsinin heç bir güzəşt tanımadan bir mənalı bankların tərəfini tutması isə vətəndaşların banklar qarşısında daha da gücsüz duruma düşməsinə səbəb olacaq.

Ölkədə həddi-buluğa çatmış vətəndaşların hər dörd nəfərdən birinin banklara borcununolduğunu nəzərə alanda vəziyyətin acınacaqlı halı daha aydın görünür. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Konstitusiya Məhkəməsinin xarici valyutada götürülən kreditlərlə bağlı verdiyi qərarı şərh edərəkdeyib ki, bu qərara qədər az olan ödənişlər də dayana bilər. Konstitusiya Məhkəməsinin bu qərarına yenidən baxması üçün deputat Vahid Əhmədov həmkarı Əli Məsimli ilə birgə dövlət başçısı İlham Əliyevə müraciət ediblər.

Hələlik dövlət başçısının bu müraciətə reaksiyası məlum deyil. Ancaq ekspertlər hesab edir ki, Milli Məclisin iki nüfuzlu üzvünün müraciəti dövlət başçısının məsələyə müdaxiləsinə səbəb ola bilər. Ekspertlər hesab edir ki, dünya bazarında neftin qiymətinin kəskin artdığı bir zamanda hökumət vətəndaşların borclarının bir hissəsinin neft gəlirləri hesabına ödənməsi ilə bağlı qərar verə bilər. Belə olarsa vətəndaşlarla yanaşı bankların da maliyyə çətinlikləri azala bilər. Əks halda həm vətəndaşlar, həm də banklar çox ciddi duruma düşə bilərlər.

Ekspertlər isə diqqəti daha bir məsələyə, Nazirlər Kabinetinin “Borclunun sağlamlaşdırılması planının məzmunu” adlı Qərarına çəkirlər. Nazirlər Kabinetinin bu qəraının da bankların borclular qarşısında daha üstün mövqeyə keçməsinə, borcluların hüquqi təqibinin güclənə biləcəyinə diqqət çəkən ekspertlər bütün bu məsələləri yenidən dəyərləndirməyə çağırırlar. Bəzi ekspertlər isə bütün bu qərarlardan, xüsusilə də Konstitusiya Məhkəməsinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi məsləhət görürlər. Ekspertlərə görə Avropa İnsan Haqları Məhkəməsinin tarixində belə hal olub. Belə ki, bir neçə il əvvəl İspaniya bankları ipoteka kreditləri üzrə faizləri düzgün hesablamadığı üçün ispanlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Avropa İnsan Haqları Məhkəməsi isə mübahisəni borcluların xeyrinə həll edib və nəticədə İspaniya bankları bir neçə milyard avro itirib.

Ekspertlər hesab edir ki, əgər Avropa İnsan Haqları Məhkəməsinə Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə bağlı müraciət edilsə, çox böyük ehtimalla borcluların xeyrinə qərar çıxarılacaq. Əgər bütün bunların heç biri baş verməsə isə məhkəmələrdə kredit borcu olanlara qarşı davalar daha da sərtləşəcək. Bu isə istər-istəməz sosial vəziyyəti, dolayısı ilə ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirəcək. Ekspertlər hesab edirlər ki, məsələlər ciddi xarakter almamış dövlət rəhbərliyi məsələyə müdaxilə etməlidir. Bunun üçün formal səbəb, Milli Məclisinin iki üzvünün müraciəti də var. Proseslərin hansı istqiamətdə inkişaf edəcəyi yaxın günlərdə məlum olacaq. Ancaq vəziyyətin görməzdən gəlinməz qədər ciddi olduğu hər kəsə aydındır.

Azərbaycan banklarından dollarla kredit götürüb, dolların həmin zaman Azərbaycan manatına olan kursundan iki-üç dəfə artıq kredit ödəmiş vətəndaşlarımız var. Onlar artıq bundan artığını ödəmək imkanında deyillər. Ancaq buna baxmayaraq hələ də banka borcları var və bu borc onlardan tələb olunur. Əgər, yaxın zamanlarda bununla bağlı ciddi qalmaqallı hadisələr baş versə bu heç kimdə təəccüb doğurmamalıdır. Çünki banklar vətəndaşa qarşı heç bir güzəştə getmək istəmir. İndi artıq qanun da onların tərəfindədir. Konstitusiya Məhkəməsi fərqinə varmadan banklarla borclular arasında münasibətləri daha da gərginləşdirib. Artıq proseslər bundan sonra hüquqi müstəvidən ictimai-siyasi müstəviyə keçə bilər.

Arzuman  Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti