Yadigar Cəfərli yazır – İçkili başla yazsan da…

Bir neçə gün əvvəl, sosial şəbəkələrdə maraqlı bir reytinq cədvəli yayılmışdı. Burada postsovet məkanında ən çox və ən az spirtli içki istemal edən ölkələr sıralanır. Mənzərə əslində müsbətdir. Məlum olur ki, bu məkanda ən çox gillədənlər moldovanlardır. Meyə ən az maraq göstərib, sağlam həyata üstünlük verənlərsə bizik. Amma sözüm onda deyil. Çoxları belə fikirləşir ki, alkoqol adamın yaradıcı gücünü artırır. Yaxşı yazıb-yaratmaqdan ötrü əvvəlcə babat vurmaq lazımdır.

Nə demişdi, Əliağa Vahid:

Bir baş ki, ayıq oldu, onu kəs, at dibindən

Arif ona derlər ki, çıxa “vodka” cibindən

Elə Əbdülrəhim bəy Haqverdiyevin qəhrəmanı Mirzə Səfər də cavanlığında şeir yazmaq niyyətilə bir şüşə al şərabı qoymuşdu qabağına, başlamışdı bala-bala vurmağa. Amma bircə misradan sonra ağlına nəsə gəlməmişdi. Gerisini dədəsi düzəltmişdi.

İndi gələk mətləb üstünə.

ABŞ-ın Missisipi Universitetinin professoru Endryu Yaroşa bu günlərdə ərinməyib, maraqlı bir tədqiqat aparıb. Məlum olub ki, həqiqətən alkoqol yaradıcı məsələlərin həllinə bir az kömək göstərir.

O, 20 tələbəni eksperimentə cəlb edib. Onlara müxtəlif sözlər verərək tapşırıb ki, onların konkret assosiasiyalarını tapsınlar. Məsələn, gənclər “sürətli”, “yaşıl”, “dolu” sözlərinə əsasən, bilməli idilər ki, söhbət “elektrik qatarı”ndan gedir.

Nəticələrə görə, yüngülvari dəm tələbələr yaradıcı tapşırıqları ayıq başlılardan təxminən 20 faizədək tez yerinə yetiriblər.

Yaradıcı adamlarınsa belə bir tövsiyəsi də var ki, içkili başla yazırsan yaz, amma mütləq ayıq başla redaktə elə.