İlham Əliyevin İtaliya Prezidenti ilə geniş tərkibdə görüşü olub

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür.
Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir.

Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik. Nəticələrlə bağlı, əlbəttə ki, bir-birimizi haqlı olaraq təbrik edə bilərik. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.
Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.
Bir daha Sizi salamlayıram və bir daha “Xoş gəlmisiniz!” deyirəm.
X X X

İtaliya Prezidenti Sercio Mattarella COP29-un ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayaraq, həmin tədbirdə qəbul edilmiş qərarların əhəmiyyətinə toxundu. Qonaq, eyni zamanda, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 19:58