Niyə Nəsimi yox, "Kazbek"?


Bu il Azərbaycanda “Nəsimi ili”dir. Bəstəkar Azad Zahid şairin ən gözəl qəzəllərindən birinə mahnı bəstələyib. Bir neçə gün əvvəl radioda eşitdim, çox xoşuma gəldi:
Mərhəba, хoş gəldin, еy ruhi-rəvanım, mərhəba!
Еy şəkərləb yari-şirin, laməkanım, mərhəba!
Mahnını gənc vokal sənətkarlarımızdan Ramil Qasımov parlaq istedadı ilə oxuyur. 
Onu müşayiət edənsə Azərbaycanın ən mahir pianoçularından biri, beynəlxalq müsabiqələr laureatı Murad Hüseynovdur.
Hərdən bizə elə gəlir ki, musiqi tariximizin ən möhtəşəm dövrü Bülbüllə, Rəşid Behbudovla və digər korifeylərimizlə bitib-qurtarıb. Amma vallah ki, elə deyil, billah ki, elə deyil. 
Ramil Qasımov, Samir Cəfərov və başqaları öz oxuları ilə onlardan qətiyyən geri qalmırlar. 
Amma indi Yutubda “Mərhaba” mahnısının dinlənmə sayına baxıram: vur-tut 35 nəfər. 
Onun da ən azı üçü-dördü elə mən özüməm deyəsən.
Bu biri tərəfə qayıdıb aylar əvvəl böyük səs-küy yaratmış “Kazbekə şey basım...” mahnısının izlənmə sayına nəzər yetirirəm. Bəh, bəh, bəh: 1 milyon 144 min 799.
Anlayıram ki, bütün internet əhli ucdantutma klassik musiqi dinləyə bilməz. Musiqi zövqü, mahnı seçimi hər kəsin təbii hüququdur. Biri klassik musiqi dinləyər, o biri ara mahnıları, başqası hər ikisini, bundan bizə nə?!
Di gəl ki, “Pareto prinsipi”nə əsaslansaq, bu fərq, ən pis halda heç olmasa 80-nin 20-ə nisbətində olmalıdır. Yəni 1 milyon dinləyicidən 800 mini ara mahnısı dinləyəndə heç olmasa 200 mini də “Mərhəba”nı izləməzmi?! 
Əgər aradakı fərq 1 144 799-ün 35-ə nisbətindədirsə, deməli, burada nəsə bir əmma var.
Mən uşaq olanda dövlət orkestrinin üzvləri alətlərini kökləyib simfonik musiqiyə başlayan kimi babam rəhmətlik televizoru söndürüb deyərdi ki, “İndi belə şeylərdən də xoşu gələn adamlar var eee”.
YAZARLAR
Baxılıb: 48 Tarix: 5-08-2019, 10:37
Şərh bildir
yenilə, əgər kod görünmürsə