mobil versiya

Rusiyanın Ermənistandan sanksiyalardan yayınmaq üçün istifadə etməsi beynəlxalq hüquqa tam ziddir - Zaur İbrahimli


Beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə Rusiyanın Ermənistandan bir vasitə kimi istifadə etməsi beynəlxalq hüquqa tam zidd bir əməldir.

Bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə deyib.

O qeyd edib ki, BMT Baş Assambleyasının müvafiq qətnamələri beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyətini müəyyən edir:
"Başqa dövlətin beynəlxalq hüquqazidd əməl törətməsinə şərait yaradan dövlət də beynəlxalq məsuliyyət daşıyır. Rusiya və Ermənistanın arasında baş verən bu hərəkətlərə məhz beynəlxalq hüququn müəyyən etdiyi bu prizmadan yanaşılmalıdır".
Z. İbrahimli xatırladıb ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb:
"Bu çağırışlarda Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik Ermənistanın idxal-ixrac əməliyyatlarında iqtisadi potensialına uyğun olmayan dəyişikliklərin müşahidə edildiyi faktlarla göstərilir".
Qeyd edək ki, Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dolları həcmində məhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və ya 7,4 milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib, bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payına düşür.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin təhlilləri üzə çıxarır ki, Ermənistanın Rusiyadan böyük həcmdə idxal etdiyi qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar bu ölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixrac üçündür. (trend)


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:42