“Bakıdan Dohaya – mədəniyyət həftələrinin təcrübəsi” adlı tədbir keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Qətər mədəniyyətlərinin qarşılıqlı inkişafına həsr olunmuş növbəti tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçılarına Qətərdə Azərbaycan Mədəniyyəti Günləri və ölkəmizdə Qətər Mədəniyyət Günləri haqqında videoçarx nümayiş etdirilib.
Qətərin mədəniyyət nazirinin müşaviri Məryəm Əl Həmmədi qeyd edib ki, iki ölkə arasında qarşılıqlı hörmət əməkdaşlığın bütün sahələrində əksini tapır. Onun sözlərinə görə, Qətərin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq statusunda iştirakı Bakıda və Dohada keçirilən mədəniyyət mübadiləsinin nəticəsi olub. O, həmçinin vurğulayıb ki, bu əməkdaşlıq çərçivəsində bir sıra əsər ərəb dilindən Azərbaycan dilinə tərcümə ediləcək, Azərbaycan kitabları isə ərəb dilində nəşr ediləcək ki, bu da hər iki ölkənin mədəni əlaqələrinin möhkəmləndirilməsi və oxucu auditoriyasının genişlənməsində mühüm addım olacaq.

Xatırladaq ki, Qətər dövləti builki sərginin fəxri qonağıdır. Sərgi boyu Qətər mədəniyyəti ilə bağlı çoxsaylı kitab təqdimatları, tematik müzakirələr və mədəni görüşlər keçirilir.
Tədbir xatirə fotosessiyası ilə yekunlaşıb.(Azərtac)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 20:13