Zəfər Günü Vyetnamda qeyd olunub
Azərbaycanın Vyetnamdakı səfirliyində Zəfər Günü ilə bağlı ziyafət təşkil edilib.
Səfirlikdən bildiriblər ki, tədbirdə Vyetnamın dövlət qurumlarının, mədəniyyət və təhsil təşkilatlarının, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının, diplomatik korpusun təmsilçiləri, jurnalistlər, soydaşlarımız iştirak ediblər.
Səfir Şövqi Mehdizadə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini azad etdiyini, cari ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, şanlı bayrağımızın Azərbaycanın bütün ərazilərində dalğalandığını bildirib.
O qeyd edib ki, Azərbaycan sülh təşəbbüsü ilə çıxış edərək öz öhdəliklərinə sadiq qalır. Səfir işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, mina probleminin aradan qaldırılması səyləri, keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıtması və onların layiqli yaşayışının təmin olunması istiqamətində görülən işlər barədə də məlumat verib.
Qazaxıstan səfiri Qanat Tomış Azərbaycan xalqını öz əzəli torpaqlarının işğaldan tam azad olunması münasibətilə təbrik edib, bu qələbə ilə bölgədə ədalətin bərqərar olduğunu söyləyib. O, şanlı Qələbəni Ali Baş Komandanının rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığını bildirib, görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik siyasəti və taleyüklü tarixi qərarları sayəsində Zəfər gedən yolun açıldığını vurğulayıb.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiyem Vu Khai təşkilat adından Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, ölkəmizdə keçirdiyi tələbəlik illərində Azərbaycan xalqının sülhsevər və qonaqpərvər xalq olmasına şahidlik etdiyini bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə münaqişəyə son qoyulub, region ölkələrinin dinc şəraitdə yaşaması üçün yeni imkanlar yaranıb.
Sonra Azərbaycan musiqisinin sədaları altında tədbir iştirakçılarına Azərbaycan mətbəxinin təamları təqdim olunub.(Azərtac)
KARUSEL / SİYASƏT
Tarix: 9-11-2023, 16:24